Amnistiya —cəzanın yüngülləşdirilməsi yaxud ləğv edilməsidir.
Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan azad edir, yaxud yüngülləşdirir.
Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir.
Azərbaycan, eləcə də dünya təcrübəsi göstərir ki, amnistiya və əfvlər təkcə hüquqi mexanizm deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edən vacib ictimai vasitədir.
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində insan amili, vətəndaş rifahı və sosial ədalət prinsipləri dayanır. Humanizm və mərhəmət dəyərləri ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşmasında əsas prinsip kimi qəbul edilmişdir. Bütün bunlar fonunda ötən 22 il ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları, eləcə də amnistiya aktları Azərbaycan dövlətinin humanist siyasətinin mühüm tərkib hissəsi hesab olunur. Bu aktlar və sərəncamlar hüquqi dövlət quruculuğu, sosial ədalətin təmin olunması və cəmiyyət-dövlət münasibətlərində etimadın möhkəmləndirilməsinə daim mühüm töhfələr verib.
O da birmənalı həqiqətdir ki, cənab İlham Əliyev 2003-cü ildən etibarən Prezident kimi fəaliyyətə başladığı dövrdən amnistiya və əfv məsələlərinə ardıcıl, sistemli, humanist yanaşma sərgiləyib. Nəticədə minlərlə məhkum cəzadan azad edilib, bir çox şəxslərin isə cəza müddətləri azaldılıb. Xüsusilə az ağır və ağır olmayan cinayətlər törətmiş şəxslər, qadınlar, yetkinlik yaşına çatmayanlar, yaşlılar, əlilliyi olan şəxslər və müharibə iştirakçıları amnistiya aktlarından daha çox yararlanırlar. Prezident İlham Əliyevin sosial həssas qruplara xüsusi diqqət göstərdiyini bir daha aydın şəkildə nümayiş etdirir. Azərbaycan tarixinin gözlənilən ən böyük amnistiyası təşəbbüsünün yenə Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi dövlət başçısının humanizm prinsiplərini həmişəki rəhbər tutmasının növbəti təzahürüdür.
Qeyd edilməlidir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Bu təşəbbüs, eyni zamanda, dövlətimizin suverenliyinin və Konstitusiyamızın hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində tam bərqərar olmasının yaratdığı yeni reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətdə sosial ədalətin möhkəmləndirilməsi, cəzadan azad ediləcək şəxslərin yenidən cəmiyyətə inteqrasiyası və onların düzgün yola qayıtmasına imkan yaradılması bu amnistiyanın əsas məqsədlərindəndir.
Qeyd olunmalıdır ki, amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və antiterror tədbirlərində iştirak etmiş şəxsləri, habelə həssas sosial qruplara aid olan vətəndaşları da əhatə edir. Bu isə dövlətimizin vətəndaşlarına olan diqqət və qayğısının daha bir nümunəsidir.
Gülnar Tağıyeva – Zərdab rayonu, Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi

























