image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20250727-wa0008

Ailə İnstitutu necə dağıdılır?

image-legitimaz-810x90

Ailə institutunun dağılması bu gün yalnız boşanma statistikası ilə ölçülmür. Əgər bir qadın ərindən, bir kişi arvadından bixəbər səfərlərə çıxırsa, kimlərlə hansı mövzularda görüşdüyünü bir-biri ilə bölüşmürsə, bu artıq ailənin səssiz şəkildə dağılmasıdır. Belə insanlar bəzən rəsmi olaraq boşanmasalar da, ailələrinin içdən çökməsindən xəbərsiz yaşayırlar. Bu cür münasibətlərdə sevgi, hörmət və maraq öləzimiş, amma formallıq qorunub saxlanmış olur.

Bu mənzərə heç də təsadüfi deyil. Ailə institutunun zəifləməsində bəzi maraqlı qüvvələrin rolu danılmazdır. Televiziya, film və sosial şəbəkələrdə ailəni köhnəlmiş, darıxdırıcı və məhdudlaşdırıcı bir qurum kimi təqdim edən məzmunlar geniş şəkildə yayılır. Hədsiz fərdiyyətçilik, “özünü sev”, “heç kimə hesabat vermə” kimi cəlbedici, amma məntiqsiz şüarlarla ailə dəyərləri məqsədli şəkildə aşındırılır.

Daha narahatedici olan isə bəzi “psixoloji dəstək” layihələrinin də bu məqsədə xidmət etməsidir. Dəstək adı altında ailə üzvlərinə bir-birindən uzaqlaşmağı, özünü ailədən üstün tutmağı və istənilən narahatlıqda münasibəti deyil, fərdi rahatlığı prioritet saymağı öyrədirlər. Bu isə ailədə həm mənəvi, həm də emosional bağlılığın kəsilməsinə yol açır. Hər psixoloji yardım xeyirli deyil — niyyət və metod çox önəmlidir.

Ailə cəmiyyətin əsas sütunudur. Onun zəifləməsi təkcə iki insanın ayrılığı deyil, bütöv bir nəsil üçün psixoloji və sosial təməlin sarsılması deməkdir. Ailənin qorunması, təkcə şəxsi məsələ yox, həm də milli məsələdir. Ona qarşı yönəlmiş açıq və gizli hücumları görməməzliyə vurmaq, bizi gələcəkdə daha böyük fəsadlarla üz-üzə qoya bilər.

Nə etməliyik? Əvvəlcə ailə dəyərlərini yenidən gündəmə gətirməli, gənc nəslə bu dəyərləri təbliğ edən sağlam modellər təqdim etməliyik. Mediada ailəni gücləndirən və müsbət nümunələri vurğulayan məzmunlara yer verilməli, psixoloji dəstək adı altında ailəni dağıdan deyil, qoruyan yanaşmalar inkişaf etdirilməlidir. Valideynlər, müəllimlər, psixoloqlar və din xadimləri ailənin əhəmiyyətini birgə səslə müdafiə etməli, cəmiyyətə ailəni qorumağın zərurətini izah etməlidirlər. Ailə yalnız şəxsi məsuliyyət deyil, həm də ictimai şüurun güzgüsüdür.

Elyar Bağırov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki