image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-agdere

Ağdərə rayonunun yaradılması

image-legitimaz-810x90

Ağdərə rayonunun yaradılması.

Azərbaycan Respublikasının Milli Məclisində “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil ediləcək. Yeni rayonun mərkəzinin isə bu ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alınıb. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurması ilə bağlı Prezident cənab İlham Əliyevin prioritet vəzifə kimi müəyyənləşdirdiyi tədbirlər davam edir: Həmin ərazilərin bərpasına təkcə yenidənqurma, tikinti işləri deyil, həmçinin səmərəli dövlət və bələdiyyə idarəetməsinin tətbiqi, sosial-iqtisadi inkişafın təminatı və Böyük qayıdışın maksimum şəkildə asanlaşdırılması daxildir. Zaman-zaman ölkəmizin müxtəlif bölgələrinin inzibati ərazi bölgüsündə dəyişikliklər edilir, yeni ərazi vahidləri yaradılır, sərhədləri müəyyən olunur, dəyişdirilir, onlara yeni adlar verilir. İşğaldan azad olunmuş rayonların, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşanın inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi və Ağdərə rayonunun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüs Prezident cənab İlham Əliyevə məxsusdur. “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanuna əsasən, Ağdam rayonunun ərazisindən 10, Kəlbəcər rayonunun ərazisindən 23 kəndin, Tərtər rayonunun ərazisindən isə 1 şəhərin, 1 qəsəbənin və 24 kəndin Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi, ümumilikdə 1660,84 kvadrat kilometr ərazidə yerləşməsi nəzərdə tutulur.

Mərkəzi Ağdərə şəhəri olmaqla eyniadlı rayonun bərpası tarixi hadisədir. İşğaldan azad edilmiş şəhər və kəndlərin inkişafı istiqamətində inzibati ərazi bölgüsü islahatları hələ başlanğıcdır. Bu islahatların ardınca ərazi vahidləri müəyyən edilməli, torpaq islahatı aparılmalı, dövlət idarəetmə və bələdiyyə orqanları yaradılıb formalaşmalıdır. Qanun layihələrinin reallaşması isə Qarabağın və Şərqi Zəngəzurun inzibati ərazi bölgüsü regional inkişaf siyasətinin artıq uğurla həyata keçirilməsini göstərir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki