image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-adam

Ağdamın işğalı

image-legitimaz-810x90

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir

Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində quran Ermənistan Azərbaycanın yeni bir ərazisini – Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin uzərinə düşüb.

Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda ən qəhrəmanlıq dolu səhifələrindən biri 1993-cü ildə baş verən Ağdamın işğalıdır. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir.

Ağdam uğrunda gedən döyüşlər Azərbaycanın hərb tarixinin ən qanlı səhifələrindən biridir. Rayonun müdafiəsi üçün minlərlə igid döyüşə atıldı, torpağın hər qarışı uğrunda qəhrəmancasına savaşdı. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə döyüşçü və dinc sakin yaralandı. Ağdamlılar həm cəbhədə, həm də arxada böyük fədakarlıq göstərdilər. Lakin ağır hərbi şərait, mühasirə təhlükəsi və beynəlxalq səssizlik nəticəsində Ağdamın böyük hissəsi işğal olundu.

Ağdam Azərbaycan xalqı üçün təkcə bir rayon deyil, həm də dözümlülüyün, vətən sevgisinin və milli birliyin rəmzidir. Bu torpaq uğrunda şəhid olan hər bir qəhrəmanın ruhu qarşısında xalqımız daim ehtiramla baş əyir. Onların qurbanı sayəsində Azərbaycan xalqının mübarizə əzmi daha da möhkəmləndi.

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfər Ağdamın taleyini dəyişdi. Ermənistan tərəfinin kapitulyasiyası nəticəsində Ağdam rayonu 27 ildən sonra – 2020-ci il 20 noyabr tarixində Azərbaycana qaytarıldı. Ağdam yenidən quruculuq və dirçəliş mərhələsinə qədəm qoydu. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, yollar, körpülər, məktəblər və yeni yaşayış massivləri inşa olunur. Bu, həm də o deməkdir ki, illərlə həsrət çəkən Ağdamlılar nəhayət doğma evlərinə qayıdacaq, həyat yenidən bu torpaqlarda canlanacaq.

Ağdamın işğalı Azərbaycan tarixində unudulmaz faciə olmaqla yanaşı, milli iradənin gücünü göstərən bir dərsdir. Bu torpaqların hər qarışı şəhid qanı ilə sulanmış, itirilmiş, lakin yenidən qazanılmışdır. Bugün Ağdam həm kədərin, həm də qürurun rəmzidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, haqq-ədalət gec-tez öz yerini tapır və işğal altında olan heç bir qarış torpaq unudulmur.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki