Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Ərazisi 1154 kv.km., əhalisi 158 min nəfər olmuşdur. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var idi. Rayonda 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəb (16 ibtidai, 36 səkkizillik, 37 orta), 4 fəhlə-gənclər; 1 qiyabi orta, 2 kəndli gənclər məktəbi, 4 orta ixtisas təhsili məktəbi (Kənd təsərrüfatının mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri) var idi. Dram teatrı, ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi. Ağdam rayonu Qarabağda iri inzibati bölgü vahidlərindən biridir. Coğrafi baxımdan Aran Qarabağda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) hüdudlarından kənarda yerləşir və 1094 kvadratkilometr ərazini əhatə edir. İşğaldan əvvəl Ağdam rayonunda 153 min nəfər yaşayırdı. Əhalisi sıx olan bu rayonun mərkəzi Ağdam şəhərinin bütün sakinləri azərbaycanlılar idi. 1988-ci il fevralın 22-də Dağlıq Qarabağ Muxtar Vilayəti parlamenti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qanunsuz sənədlər qəbul edəndə Ermənistan SSR-in və DQMV regional parlamentinin erməni deputatlarının hərəkətlərindən narazılığını bildirmək üçün etiraz edən bir qrup azərbaycanlı məhz bu şəhərdən Xankəndinə (keçmiş Stepanakertə) üz tutmuşdu, münaqişənin ilk qurbanları da bu şəhərin sakinləri oldu – Əli Hacıyev və Bəxtiyar Quliyev ad-soyadlı azərbaycanlı gənclər Əsgəran yaxınlığında münaqişə zamanı ermənilər tərəfindən qətlə yetirildi. Dağlıq Qarabağda mühasirədə olan şəhərlərin və kəndlərin azərbaycanlı əhalisinə yardım göstərmək üçün əməliyyatlar məntəqəsi Azərbaycan özünümüdafiə qüvvələri tərəfindən məhz bu şəhərdə yerləşdirilmişdi. 1992-ci il fevralın 25-26-da Xocalıda və onun ətrafında erməni silahlı qüvvələri tərəfindən törədilmiş qırğın zamanı salamat qalanlar məhz bu rayona tərəf qaçmışdı. O gecə cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı əhali qətlə yetirilmişdi. Ağdamın işğal edilməsi Ermənistan rəhbərliyi üçün strateji tapşırıq idi. Ağdamın Əsgəranda, Ağdərə və Xankəndidə ermənilərin mövqelərinə yaxın olmasını nəzərə alaraq Azərbaycanın bu iri mərkəzi şəhərinin işğalı və etnik təmizləməyə məruz qalması bütün müharibənin gedişini dəyişməli idi. 1993-cü il iyunun 4-də Surət Hüseynov Əbülfəz Elçibəy hökumətini ölkədə vəziyyəti lazımınca idarə edə bilməməkdə təqsirləndirərək onun istefa verməsini tələb etmiş və öz qoşunlarını Bakıya yönəltmişdi. Surət Hüseynov Rusiyanın hərbi elitası ilə sıx əlaqə saxlayır. Buna görə də onun qətiyyətli hərəkətlərini çoxları Rusiyanın Azərbaycanda hakimiyyəti devirmək üçün müdaxiləsinin əlamətləri kimi qəbul etmişdi. Siyasi böhran və cəbhədə hərc-mərclik erməni hərbçilərinin cəsarətini artırmışdı. İyunun 12-də erməni qoşunları Ağdam rayonunun bütün perimetri boyunca şiddətli hücuma başladılar. İyunun 12-də strateji əhəmiyyətli birinci yüksəklik – Ağdamdan 10 kilometr şərqdə yerləşən Fərrux dağı ermənilər tərəfindən tutuldu, onlar növbəti altı həftə ərzində şəhəri uzun müddət bombalamaq imkanı qazandılar. Elə həmin gün ermənilər Ağdamdan 7 kilometr Cənub-Şərqdə yerləşən iki iri Azərbaycan kəndini – Yusifcanlı və Mərzili kəndlərini tutdular. “Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatına əsasən erməni qoşunları işğal etdikləri kəndlərdə qətlə yetirilmiş insanları da soyur, tam etnik təmizləmə aparır və qaçqınların öz evlərinə qayıda bilməməsi üçün bu yaşayış məntəqələrini yandırırdılar. Ermənilərin ağız dolusu təriflədiyi komandirlərindən biri, beynəlxalq aləmdə tanınmış terrorçu Monte Melkonyan Mərzili kəndinin işğalı zamanı öldürülmüşdü. İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən əhatəyə alınmışdı və iyulun 23-dək “Qrad” qurğularından atəşə tutulurdu. Həmin gün Ağdam tam işğal edildi. Şəhər talan edildi və yandırılıb külə döndərildi. Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü.ABŞ-ın Qaçqınlarla İş üzrə Komitəsinin 2000-ci il üçün hesabatına görə Ağdamın 153 min sakinindən 128584-ü ölkə daxilində məcburi köçkün vəziyyətinə düşmüşdü. Erməni silahlı qüvvələri Ağdam rayonunu işğal etməklə Azərbaycana 6,179 milyard dollar ziyan vurmuşlar. Erməni qoşunları tərəfindən Ağdam rayonunun bir neçə kəndinin işğalı ifrat qəddarlıq və Cenevrə konvensiyasının normalarının kobudcasına pozulması ilə müşayiət olunurdu. Ermənilərin hücumları dövründə Ağdam rayonunda 5897 azərbaycanlı həlak olmuşdu. Bu, Ermənistan-Azərbaycan müharibəsi dövründə ən böyük insan tələfatıdır. Ağdam rayonu Qarabağ müharibəsində ən çox şəhid verən rayondur.Ermənilərlə döyüşdə 6 minə yaxın rayon sakini şəhid olub.Onlardan 16ı milli qəhrəman olmuşdurMüzəffər Ali Baş Komandan və rəşadətli ordunun sayəsində Ağdam şəhəri 20 noyabr,2020ci il işğaldan azad olunmuşdur. Ağdamın azad olunmasına səbəb olan Azərbaycan ordusuna və Ali Baş Komandana eşq olsun!
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Mirzəyeva Roza Rasim qızı.




















