Ağdamın azad olunması Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi qələbə kimi deyil, həm də milli yaddaşın, torpaq bağlılığının və dövlətçilik iradəsinin təntənəsi kimi mühüm yer tutur. 20 Noyabr – Ağdam şəhəri günü bu torpağın keçmişdən bu günə daşıdığı ağrını da, ümidini də, dirçəliş ruhunu da özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyevin müstəqillik dövründə yaratdığı siyasi xətt məhz belə bir günün mümkün olması üçün ölkəni böhranlardan çıxaran, onu parçalanmaq təhlükəsindən qoruyan, dövlətin dayaqlarını möhkəmləndirən bir yol açdı. Onun rəhbərliyi ilə Azərbaycanın təhlükəsizliyi, daxili sabitliyi və milli həmrəyliyi təmin edildi ki, bu gün Ağdamın dirçəlməsi də o təməlin üzərində yüksəlir. Bu gün isə həmin dövlətçilik xəttini qətiyyətlə və böyük siyasi iradə ilə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Ağdam tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş şəhərin bərpası təkcə tikinti işi deyil, Azərbaycanın gücünün, liderlik modelinin və gələcəyə baxışının təcəssümüdür. Qarabağın mərkəzlərindən birinə çevrilən Ağdamda infrastruktur layihələrindən tutmuş, sosial obyektlərə, yolların, məhəllələrin qurulmasına qədər hər detal müasir dövlətçilik ideyasının praktik nəticəsi kimi özünü göstərir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi konsepsiya bu torpaqlara böyük qayıdışı təkcə fiziki bərpa ilə deyil, həm də siyasi, iqtisadi və mədəni dirçəliş kimi təqdim edir. Zəfərlə başa çatan müharibədən sonra Qarabağ bölgəsində həyatın bərpa edilməsi Azərbaycan dövlətinin gücünün bariz nümunəsidir. Şuşanın azadlığı, şəhərin yenidən mədəniyyət paytaxtı kimi dirçəldilməsi və strateji infrastruktur layihələrinin ard-arda reallaşması Ağdamı da bu bölgənin əsas inkişaf xəttinə bağlayır.
Ağdam bu gün bir simvoldur — dağıntıdan inkişaf doğuran gücün simvolu, itirilmiş torpağın yenidən canlandırılması nümunəsi. Bu şəhərin dirçəlişi həm Azərbaycanın dövlətçilik iradəsini, həm də xalqın sarsılmaz birliyini nümayiş etdirir. 20 Noyabrın qeyd olunması isə sadəcə təqvim deyil, bu iradənin, bu birliyin və bu inamın təntənəsidir. Biz inanırıq ki, Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin zirvəyə daşıdığı dövlət quruculuğu xətti Ağdamın yeni həyatının ən güclü təminatıdır və bu şəhər gələcək nəsillər üçün Azərbaycanın yenilməzliyinin canlı şahidi olaraq yaşayacaq.
Dərya Əhmədova – Zərdab rayon Şıxbağı kənd tam orta ümumutəhsil məktəbinin direktoru




















