Azərbaycanın müasir tarixində 2020-ci ilin payızı xüsusi bir mərhələ kimi yadda qaldı. Vətən müharibəsinin gedişində hərbi-siyasi balansın fundamental şəkildə dəyişməsi, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan ardıcıl nailiyyətlər dövlətçilik düşüncəsində yeni bir fəlsəfənin formalaşmasına səbəb oldu. Bu zəfərlərin ən simvolik səhifələrindən biri isə Ağdam rayonunun işğaldan azad edilməsi idi. Bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi, həm ordunun qəhrəmanlığının, həm də xalqın səbri və iradəsinin yüksək səviyyədə dəyərləndirilməsi kimi qəbul edilə bilər.
Ağdam yalnız bir rayon deyil – Azərbaycanın yaddaşı, mədəni kimliyi və mübarizə rəmzidir. 27 il müddətində dağıdılmış şəhərin azadlığı təkcə torpağın geri alınması deyil, xalqın ləyaqətinin bərpası kimi qiymətləndirilir. Bu baxımdan, medalın təsis edilməsi sadəcə formal təltif mexanizmi deyil, milli yaddaşın dirçəldilməsi, ədalətin bərpası və gələcək nəsillərə mesaj kimi mühüm əhəmiyyət daşıyır.
Medalın yaradılması bir neçə dövlət marağının kəsişmə nöqtəsində dayanır:
Ağdamın döyüşsüz, diplomatik və siyasi güc sayəsində azad edilməsi ordunun və diplomatiyanın inteqrasiyasının simvoludur. Bu prosesdə iştirak etmiş hərbçilər, kəşfiyyatçılar, mühəndis-istehkam bölmələri, eləcə də əməliyyatın planlaşdırılmasında rol alan mütəxəssislər həmin təltiflə şərəfləndirilə bilər.
Tarixi Zəfər dövrünün ideoloji əsaslarının möhkəmləndirilməsi üçün rəsmi simvolların təsis edilməsi mühümdür. Medal yalnız keçmişi deyil, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunu bəsləyən bir dövlət atributudur.
Ağdam hazırda “ağıllı şəhər” modelinə uyğun inşa olunur. Bu prosesdə iştirak edən hər kəs anlayır ki, rayonun bərpası onun işğaldan azad edilməsinin davamı, müəyyən mənada növbəti mərhələsidir. Medal bu prosesin ideoloji dayaqlarından biri kimi çıxış edir.
Bu medalın təsis edilməsi Azərbaycan dövlətinin öz qəhrəmanına hörmətinin təzahürü olmaqla yanaşı, Qarabağ Zəfərinin hər bir hissəsinin ayrıca qiymətləndirildiyini göstərir. Ağdam kimi strateji, tarixi və mənəvi əhəmiyyət daşıyan bir rayonun azad edilməsi bu medal vasitəsilə rəsmi-simvolik məna qazanaraq dövlət yaddaşına həkk olunur.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri



















