Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Müasir Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1990-cı illərdə Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri idi. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonundan başlamışdı. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bəzi havadarlarına arxalanaraq, Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etmişdi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdi. İşğal nəticəsində rayon ərazisinin 1094 kvadrat kilometrindən 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdamın qədim tarixi abidələri rayonun minillik keşməkeşli illərdən keçərək, bu günə qədər gəlib çatdığını təsdiq edir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq, aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloqların apardığı arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni Eneolit dövründə yaşayıb, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Arxeoloqlar apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. 1993-cü il iyul ayının 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Azərbaycanın işğal altında olan digər rayonlarında olduğu kimi, Ağdamda da ermənilər tarixi mədəni abidələri dağıdıb, əsl vəhşilik nümayiş etdiriblər. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıblar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyinin adlarını çəkmək olar. Bir sözlə, rayondakı tarixi, mədəni, dini abidələr erməni işğalçıları tərəfindən məhv edilib.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.



















