image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Ağdam rayonunun yaradılması

image-legitimaz-810x90

Ağdam rayonunun yaradılması.

Ağdam rayonu 8 avqust 1930-cu ildə Ağdam qəzasının (mərkəzi Ağdam şəhəri olan indiki Ağdam, Bərdə, Tərtər, Ağcəbədi rayonlarını birləşdirən inzibati-əlarzi vahidi) və sonra Qarabağ dairəsinin ləğvi nəticəsində yaradılıb. Sahəsi 1154 km² olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində — Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri günümüzə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX–XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII–XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Azərbaycanda yaranmış Albaniya dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan qarqarlar Ağdam ərazisindəki Qarqarçay boyunca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. Azərbaycan ərazisində və Qafqaz Albaniyasında ilk qanunvericilik aktı Ağdam ərazisində yerləşən Aquen kilsəsində (Aquen kilsə Məclisində) 488-ci ildə qəbul edilmişdir. Elmi ədəbiyyatda bu akt “Aquen qanunları” adlanır, 3 fəsildə birləşdirilmiş 21 maddədən ibarətdir. “Aquen” sözü Qafqaz Albaniyasının dövət dilində “Ağ daşlardan ev” mənasına gəlir. Həmin sənəddə Qafqaz Albaniyası “Ağ vəng” adlanır (Burada “vəng” hakim tayfanın adıdır). 1905–1906-cı illərdə bağ vermiş erməni-müsəlman müharibəsinin bir sıra epizodları da Ağdam ərazisində cərəyan etmişdir. Tiflis Məhkəmə palatası tərəfindən 27 fevral 1906-cı ildə vurulan 1029 nömrəli teleqramda Gəncə sancağına (Osmanlı arxiv sənədində Gəncə sancağı kimi qeyd olunasa da Yelizavetpol quberniyası nəzərdə tutulub) tabe olan Şuşa qəzası daxilində ermənilər tərəfindən dağıdılması qeyd edilən 19 kənddən aşağıdakılar Ağdam rayonunda yerləşir: Abdal, Kolanı (indiki Qalayçılar), Papravənd, Şelli, Qurdlar, Gülablı, Qaradağlı. 1918–1920-ci illərdə baş vermiş Azərbaycan-Ermənistan müharibəsi zamanı ağır döyüşlərin getdiyi ərazilərdən biri də Ağdam cəbhəsi olmuşdur.

1923-cü ildə Dağlıq Qarabağla yanaşı, mərkəzi Ağdam şəhəri olmaqla Aran Qarabağ Muxtar Vilayətinin[6] yaradılması haqqında qanun layihəsi təqdim edilmiş, Moskva tərəfindən bu təklif qəbul edilməmişdir.

 

Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli ümumtəhsil məktəbinin Tarix müəllimi – Ləman Şıxalıyeva 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki