image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-414849

Ağdam – Qafqazın Xirosiması

image-legitimaz-810x90

Ermənistan silahlı birləşmələrinin xarici havadarlarının dəstəyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarının qəhrəman Ordumuz tərəfindən azad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti çox ağrılı bir məsələyə – təqribən 30 il müddətində işğal altında qalan həmin ərazilərdə törədilən vəhşiliyə, insan adına sığmayan dağıntılara, bu ərazilərdə həyatın son izlərinin silinməsinə yönəldi. Tarix boyunca bəşəriyyət misli görünməmiş dağıntılarla nəticələnmiş müharibələrin şahidi olub. Həmin müharibələrdən sonra insanların izinin tamamilə silindiyi həmin ərazilər məhz bu yerlərin həqiqi sahiblərinin böyük əməyi nəticəsində yenidən bərpa olunaraq həyata qaytarılıb. Ermənistan işğalı altında qalan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən ziyarət edərkən ağlına ilk olaraq məhz Xirosima gəlmişdi. Həmin ərazilərdə qarşılaşdığı dağıntıları sonradan qələmə aldığı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında təsvir edən jurnalist yazır: “Parlaq yaz günü idi, buradan hətta 100 kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə, gözlərim aşağıdakı kiçik Xirosimada idi. Əvvəllər Ağdamın 50 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basmışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm”.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu bölgələrə səfərləri zamanı aparılan çəkilişlər, həm də azad edilmiş yaşayış məntəqələrindən nümayiş etdirdiyi videogörüntülər bu yerlərin hansı zülmə məruz qaldığını bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Prezident cənab İlham Əliyevin xarici jurnalistlər üçün təşkil etdiyi mətbuat konfranslarının iştirakçıları, Azərbaycandakı diplomatik korpusun bu ərazilərə səfərlərdə iştirak edən nümayəndələri, Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərin qonaqları erməni işğalçılarının törətdiyi görünməmiş vəhşiliyin canlı şahidi oldular. Həmçinin müxtəlif ölkələrin kütləvi-informasiya vasitələrinin hadisə yerindən yaydığı video və fotomateriallar əsasında bütün dünya Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı yaşayış məntəqələrimizi yalnız divarlardan ibarət dağıntılara çevirdiyini, viranə qoyduğunu gördü. Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət 44 günlük müharibədə möhtəşəm Qələbə qazanmış Azərbaycanın azad edilmiş torpaqlara qayıdış üçün böyük dirçəliş işinə başlamasının da şahidi oldu. İşğaldan azad olunmuş ərazilərdə törədilmiş genişmiqyaslı dağıntılara, düşmən tərəfindən xəritələri hələ də təqdim edilməmiş minalanmış ərazilərə baxmayaraq, bu torpaqlarda başlanmış nəhəng bərpa işlərini müşahidə etdi. Əmin oldu ki, Qarabağın bərpası üçün uzun illər lazım gəlsə belə, Azərbaycan dövləti və xalqımız cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və buna qadirdir.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki