Ağdam şəhərinin taleyi XX və XXI əsrin ən ağır müharibə faciələrindən birinin bariz nümunəsi kimi tarixə düşmüşdür. Uzun illər Ermənistanın işğalı altında qalan Ağdam tamamilə dağıdılıb, yer üzündən silinmiş bir şəhərə çevrilmişdir. Bəzi beynəlxalq jurnalistlər və tədqiqatçılar tərəfindən “Qafqazın Xirosiması” adlandırılması təsadüfi deyil – çünki Ağdamda məhv etmənin miqyası, məqsədliliyi və sistemliliyi klassik müharibə dağıntılarını belə geridə qoyurdu. Şəhər yalnız hərbi obyekt kimi deyil, bir yaşayış məkanının bütün elementləri ilə – mədəniyyət ocaqları, məktəblər, məscidlər, evlər və tarixi məkanları ilə birlikdə – tamamilə yerlə-yeksan edilmişdi. Ağdamın işğal dönəmində erməni qüvvələri tərəfindən talan edilməsi, tikililərin sökülərək daşınması, tarixi abidələrin məqsədli şəkildə məhv edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu sübut edir. Şəhərin mərkəzi, məhəllələri, bütün infrastruktur xətləri dağıdılmış, mədəni irs sistemli şəkildə silinmişdir. Bəzi ərazilərdə yalnız binanın divar izləri, bünövrələri və məscidin minarəsi qalmışdı – bu da tragediyanın miqyasını göstərən kədərli abidə rolunu oynayırdı.
Ağdamın “Qafqazın Xirosiması” adlandırılmasının əsas səbəbi yalnız fiziki dağıntı deyil, həm də məcburi köçkünlərin mənəvi faciəsi idi. 30 ilə yaxın bir müddətdə on minlərlə ağdamlı öz evinə həsrət qaldı, doğma torpaqlarının xəritədən silindiyini görərək ağır psixoloji yük yaşadı. Bu şəhərin taleyi bütöv bir xalqın ağrısını, itkisini və vətən həsrətini simvolizə edirdi. 2020-ci il Vətən müharibəsindən sonra Ağdamın yenidən Azərbaycana qaytarılması tarixi ədalətin bərpası oldu. Bu gün Ağdamda aparılan geniş bərpa və quruculuq işləri şəhərin silinmiş simasını yenidən canlandırmağı, onu müasir və intellektual şəhər modelinə çevirməyi qarşıya məqsəd qoyur. Ağdamın yenidən dirçəlişi yalnız şəhərin deyil, bütöv Azərbaycan xalqının mənəvi qələbəsi kimi dəyərləndirilir.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal – Araz Allahverdiyev


















