Ağdam adı çəkiləndə bir tərəfdən füsunkar Qarabağ təbiətinin nəfəsi duyulur, digər tərəfdən isə dağıdılmış şəhərin acı taleyi göz önünə gəlir. Bu şəhər təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz üçün xüsusi bir rəmzə çevrilib – müharibənin ən ağır izlərini daşıyan, bir vaxtlar həyatla dolu olan məkanın xarabalığa çevrilmiş simvolu. Bu səbəbdən Ağdama çox vaxt “Qafqazın Xirosiması” deyilir. Keçmişdə Ağdam ticarət, sənətkarlıq, kənd təsərrüfatı və mədəni həyatın mühüm mərkəzlərindən biri idi. Şəhərin küçələri canlı idi, insanlar gündəlik həyatla məşğul olur, teatr, muzey və məktəblər fəaliyyət göstərirdi. Lakin münaqişə illərində bu gözəlliklər dağıntıya çevrildi. Erməni silahlı qüvvələrinin hücumları nəticəsində Ağdam tamamilə talan edildi. Şəhərin demək olar ki, hər bir binası məhv edildi. Ağdamın mərkəzi küçələrindən keçmək sanki Xirosimanın dağıntılarını xatırladırdı: yandırıldığı yerdə qalmış evlər, içi boşalmış tikililər və məhv edilmiş mədəniyyət nümunələri. Ağdamın ən çox hüzn yaradan məkanlarından biri də Çörək Muzeyi və Dram Teatrının dağıdılmasıdır. Bu mədəniyyət ocaqları şəhərin kimliyinin əsas hissəsi idi. Lakin işğal illərində onlar da
yerlə-yeksan edildi.
2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Ağdam yenidən Azərbaycana qaytarıldı. Bundan dərhal sonra şəhərin bərpası üçün genişmiqyaslı layihələrə start verildi.
Minatəmizləmə, yol və infrastruktur layihələri, yeni məhəllələrin salınması böyük sürətlə davam edir.Bu gün Ağdam həm də “Qayıdışın və Dirçəlişin şəhəri”dir. Şəhərin yenidən qurulması tarixi ədalətin bərpasıdır. Bərpa olunan hər bina, salınan hər küçə xalqımızın iradəsinin, gücünün və gələcəyə olan inamının simvoludur.
Ağdam – dağıntıların içindən doğan ümid.
H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov




















