Ağdam – Qafqazın Xirosiması
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyilə Azərbaycanın qədim şəhəri olan Ağdamı və eyni adlı rayonu işğal etdilər. Nəticədə 120 mindən çox insan öz torpaqlarını tərk etməli oldu. Ağdam uğrunda döyüşlərdə Azərbaycan 6 mindən çox şəhid verdi, 3500-dən çox insan əlil oldu.
Ağdam 27 il erməni işğalı altında qaldı. Bu müddətdə Ağdamda saysız-hesabsız dağıntılar törədildi. Şəhərdəki bütün tikililər, yaşayış evləri, dövlət binaları, xəstəxanalar, kitabxanalar, məktəblər, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar dağıdıldı.
Ağdamda törədilmiş vəhşilik, talançılıq, barbarlıq, dağıntı və qarət xarici ekspertlərin, beynəlxalq jurnalistlərin də diqqətindən yayınmayıb. Hələ 2001-ci ildə Ağdama səfər edən britaniyalı jurnalist Ağdamı Yaponiyanın 1945-ci ildə atom bombası atılmış Xirosima şəhəri ilə müqayisə etmişdi. Ermənistanın işğalı ilə barışmayan Azərbaycan nəhayət 2020-ci ilin payızında öz torpaqlarını azad etməyə nail oldu. 20 noyabr 2020-ci il tarixində Ağdam 27 illik işğaldan azad edildi. Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti xarici səfirlər, beynəlxalq ekspertlərin, jurnalistlərin, humanitar təşkilat nümayəndələrinin ora səfərlərini təşkil etdi. Ağdama gedən əcnəbilər orada qarşılaşdıqları mənzərədən – dağıntıların miqyasından dəhşətə gəlirlər…
İndi Azərbaycan hökuməti 27 illik işğaldan sonra Ağdamı yenidən qurmaq üçün işlərə başlayıb – torpaqlara basdırılmış minalar təmizlənir, məscidlər, xəstəxanalar, məktəblər, yaşayış evləri tikilir, yollar çəkilir. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 minlərlə insan yaşayacaq.
Zərdab rayon Əlibəyli kənd sakini, gənc fəal – Sənan Sadıqov

























