“Ağdam” etimologiyası barədə
“Ağdam” qədim türk dilində “Kiçik qala” mənasını verir: Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi. Digər bir versiyaya görə, Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır. Aluen Bərdənin yaxınlığında idi. Lakin Aluenin dəqiq yeri indiyə kimi heç kəsə məlum deyil. Govurqalanın yaxınlığındakı bir ərazi indi də “Əlvənd” dərəsi adlanır, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş formasıdır.
Ən maraqlı cəhətlərdən biri də Aquen sözünün Ağdamla nə vaxt əvəz olunmasıdır. Qeyd etmək lazımdır ki, həm Aquen, həm də Ağdam toponomik adı türk mənşəli söz olub, coğrafi məkanla daha sıx bağlıdır. Aquen adının mənşəyi mənsub olduğu Alban dövlətinin adı ilə eyni kökdən qaynaqlanır. Aquen adındakı “aqu” sözü türk dillərində “equ”, “eyi” kimi işlənərək, “yaxşı”, “xoş”, “mülayim” mənasını daşıyır. Addakı “en” morfımi isə Alban adındakı “ban”, “van” sözləri ilə sinonim olaraq mənası “məkan”, “yurd” kimi ifadə olunur. Onda bu deyilən sözlərdən belə nəticəyə gəlmək olar ki, Aquen adının mənası “yaxşı, xoş, mülayim məkan, yurd” deməkdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənləri üçün mühüm bir məkandır. Bu bölgədəki arxeoloji tapıntılar, tarixin müxtəlif dövrlərində insanların burada yaşadığını və fəaliyyət göstərdiyini sübut edir. Ağdam və ətrafında aparılan arxeoloji qazıntılarda müxtəlif dövrlərə aid yaşayış yerləri, məskənlər və mədəniyyət nümunələri aşkar edilmişdir. Bu, bölgənin minilliklər boyu insanların yaşadığı və inkişaf etdiyi bir yer olduğunu göstərir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc




















