“Ağdam” etimologiyası barədə
“Ağdam” qədim türk dilində “Kiçik qala” mənasını verir: Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi.
Ağdam rayonu, 1930-cu illərdə Azərbaycan SSR-də yaradılmışdır. Rayonun yaradılması, bölgənin sosial-iqtisadi inkişafını və idarəetməsini asanlaşdırmaq məqsədini güdürdü. Həmin ildə Ağdam rayonu müstəqil bir inzibati vahid kimi təsis edildi. Bu dövrdə rayon, müstəqil kənd təsərrüfatı və sənaye istehsalını inkişaf etdirmək üçün yaradılmışdı. Rayon yaradıldıqdan sonra, burada kənd təsərrüfatı, xüsusilə üzümçülük və pambıqçılıq sahələrində geniş inkişaf baş verdi. Eyni zamanda, Ağdam mədəni və ictimai həyatın mərkəzi oldu. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.
10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi. Beləliklə əzəli Azərbaycan torpaqları yenidən Azərbaycanın yəni əsl sahibinin oldu.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova




















