AĞDAM – AZADLIĞIN MÜBARƏK!
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Elə o vaxtdan digər azad edilmiş məkanlarda olduğu kimi, Ağdamda da abadlıq-quruculuq işlərinə başlanıldı. Bəli, otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş və beynəlxalq ictimaiyyətin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırdığı Ağdam yenidən qurulur. Artıq qısa zaman kəsiyində burada bir çox önəmli infrastruktur obyektləri istifadəyə verilməklə yanaşı, Xaçınçay su anbarı, həmçinin Ağdam-Bərdə yolu yenidən qurulub, Ağdam məscidi, “İmarət” Kompleksi bərpa edilib. Dəmiryol Vağzalının, Avtovağzalın və digər obyektlərin açılışları keçirilib. Dünyanın ən böyük Muğam Mərkəzi, Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb.
Artıq Ağdam beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Şübhəsiz, bu proseslərdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xidmətləri ölçüyə gəlməzdir. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçısının son 5 ildə bu məkana səfərlərinin sayı 20-yə yaxındır. Hər səfər də onlarla obyektin bünövrəsinin qoyulması və istismara verilməsi ilə yadda qalıb. Bəli, Ağdam məhz Müzəffər Ali Baş Komandanın iradəsi sayəsində hər gün simasını dəyişir, gözəlləşir. Bu mənada Ağdamın hər qarışında cənab Prezident İlham Əliyevin quruculuq imzaları görünür. Bu məqamda dövlət başçımızın bir çıxışındakı bu fikirləri xatırlatmaq yerinə düşər: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək”. Bu gün əminliklə söyləyə bilərik ki, ermənilərin talayıb-dağıtdığı Ağdamın əvvəlki şöhrəti tezliklə bərpa olunacaq və o, Qarabağın sənaye mərkəzinə çevriləcək. Qarabağın qapısı sayılan Ağdamda həyat yeni nəfəs, yeni ritm, yeni fəlsəfə ilə canlanır. İşğal dövründə “ruhlar şəhəri” adlandırılan Ağdam bu gün “Zəfərin paytaxtı”, “Qayıdışın simvolu” kimi tarixə yazılır. Burada salınan müasir infrastruktur, yaşıl enerji zonası, ağıllı şəhər modeli, ekoloji təmiz urbanizasiya prinsipləri Azərbaycanın gələcək inkişafının miniatür obrazına çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Ağdam şəhərinin Baş planı yalnız memarlıq sənədi deyil, həm də milli ideologiyanın ifadəsidir. Bu plan azadlığın planıdır, milli ruhun gələcəyə daşınmasıdır. Ağdamda salınan geniş prospektlər, parklar, müasir yaşayış massivləri, sənaye parkı və “Qayıdış kəndi” layihəsi göstərir ki, Azərbaycan bu torpaqlarda keçmişin ağrılarını unutmur, amma gələcəyə ümidlə baxır.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama çoxsaylı səfərləri şəhərin dirçəliş prosesinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Hər bir səfər konkret layihələrin icrası, yeni infrastruktur obyektlərinin təməli və strateji məqsədlərin açıqlanması ilə yadda qalıb. Cənab Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərinin Baş planı təsdiqlənib, “Ağdam Sənaye Parkı” fəaliyyətə başlayıb, “Zəfər parkı”, “Qayıdış məhəlləsi”, “Ağdam–Füzuli” və “Ağdam–Bərdə” avtomobil yolları, eləcə də müasir yaşayış kompleksləri, məktəblər və sosial infrastruktur obyektləri tikilib. “Ağdam Cümə Məscidi”nin bərpası, müasir mədəniyyət və incəsənət mərkəzlərinin inşası, idman və gənclər layihələrinin icrası da bu səfərlərin davamlı nəticələrindəndir. Cənab Prezident İlham Əliyevin “Ağdamı və bütün Qarabağı yenidən bərpa edəcəyik – bu, bizim şərəf borcumuzdur” sözləri bu gün reallığa çevrilib.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov



















