2025-ci ildə ABŞ ordusunun ən böyük təhlükəsi artıq döyüş meydanı yox, onlayn məkanlardır. Xarici kəşfiyyat orqanlarının hədəfli kiber hücumları gündəlik normaya çevrilib.
Xeberaz.info xəbər verir ki, ABŞ ordusunun yüksək rütbəli rəsmiləri ordu heyətinin şəxsi məlumatlarının internet platformalarında xarici kəşfiyyat qüvvələri tərəfindən hədəf alındığını bildiriblər. Bunun nəticəsində, amerikalı əsgərlər gizli hərbi məlumatların düşmənə ötürülməsi riski ilə qarşı-qarşıyadır.
General-leytenant Toni Heyl bildirib ki, düşmən kəşfiyyatçılar LinkedIn, Indeed, Reddit kimi məşhur sosial şəbəkələrdə ABŞ əsgərlərinə kiber hücumlar təşkil edir. Məqsəd isə gələcək müharibələrdə faydalı ola biləcək gizli məlumatları ələ keçirməkdir.
General Çin, Rusiya, İran və Şimali Koreya kimi ölkələrin bu qanunsuz fəaliyyətlərdə işbirliyi etdiyini və ABŞ-a qarşı strateji məlumatları ələ keçirməyə çalışdığını vurğulayıb.
Buna cavab olaraq, ABŞ ordusu son illərdə əks-kəşfiyyat strukturlarını yenidən təşkil edib və 2021-ci ildən etibarən 600-dən çox istintaq aparılıb. Əks-kəşfiyyat komandası hal-hazırda 200-dən çox aktiv işi araşdırır.
Bu əməliyyatlar nəticəsində 25 hərbçi və keçmiş hərbçi casusluqda şübhəli bilinərək həbs edilib. Müdafiə sahəsində məxfi məlumatların qorunması üçün əlavə təhlükəsizlik tədbirləri görülməsinin vacibliyi bir daha vurğulanıb.