Ən son xəbərlər:

18.02.2023/19:19/ Azərbaycan neftinin tədarükü normallaşacaq

Azərbaycan neftinin tədarükü normallaşacaq.

xeberaz.info-nun məlumatına görə Böyük Britaniyanın Neft və Qaz Korporasiyası BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Boğaz International Limited şirkəti ilə birlikdə Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə və onun obyektlərinə baxış keçirib. APA-nın fevralın 17-də verdiyi məlumata görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons 2022-ci ilin yekunlarına həsr olunmuş tədbirdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, ciddi ziyan aşkar olunmadığından neftin kəmərlə ixracı dayandırılmayıb.

Cons onu da əlavə edib ki, Türkiyənin Ceyhan şəhərindəki terminalda neftin tankerlərə yüklənməsi üçün müəyyən fasilə yaransa da, bu proses yenidən başlayıb və gələn həftə qara qızılın dünya bazarlarına daşınması normal qrafikə qayıdacaq.

Britaniyanın BP şirkəti ötən həftənin sonunda Türkiyənin Ceyhan limanındakı terminalda BTC boru kəmərindən neftin tankerlə daşınmasını bərpa etdiyini elan edib. Türkiyənin Aralıq dənizi terminalında tankerlərin yüklənməsi əməliyyatları Türkiyənin BTC boru kəməri operatoru (Botaş International Anonim Şirketi, BIAS) tərəfindən fevralın 6-da ölkədə baş vermiş dağıdıcı zəlzələ səbəbindən dayandırılıb.