Ən son xəbərlər:

12.09.2023/21:57/ Gəncədə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib

Gəncədə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.

xeberaz.info xəbər verir ki, Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, DİM Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və məzunların təhsil aldıqları ümumtəhsil məktəblərin direktorları iştirak ediblər.

Niyazi Bayramov çıxışında ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan bəhs edib və bu sahənin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Şəhər rəhbəri yüksək bal toplamış, ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edib.

Anar Qədiməliyev çıxışında bildirib ki, 2022-2023-cü tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2961 şagird məzun olub. Bunlardan 1497 nəfəri respublikanın, 133 nəfəri isə xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. Qəbul olan məzunların 181 nəfəri 500-dən, 54 nəfəri 600-dən və hazırda görüşdə iştirak edən 8 nəfəri isə 650-dən yüksək bal toplayıblar. Anar Qədiməliyev həmçinin, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunlarının da yüksək nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

Tədbirdə iştrak edən rəsmilər məzunları təbrik edib, onlara öz tövsiyələrini verib və bundan sonrakı həyatlarında uğurlar arzulayıblar.

Çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra məzunlara hədiyyələr təqdim olunub. Eyni zamanda, Niyazi Bayramov Gəncə şəhərində təhsilin inkişafına göstərdikləri xidmətlərə görə yüksək bal toplamış məzunların təhsil aldıqları orta məktəb direktorlarını “Təşəkkürnamə” ilə  təltif edib.

Sonda xatirə şəkli çəkdirilib.