Ən son xəbərlər:

08.06.2023/13:12/ BMT-nin Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır

BMT-nin Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

xeberaz.info xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı hazırda yeganə nüfuzlu “ümumdünya qlobal təşkilat” olaraq qalır, lakin onun Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

Cənab Tokayev əvvəllər BMT strukturunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2011-2013-cü illərdə Qazaxıstanın hazırkı prezidenti BMT baş katibinin müavini, BMT-nin Cenevrədəki ofisinin baş direktoru, eləcə də Silahsızlanma Konfransında BMT baş katibinin şəxsi nümayəndəsi olub.

“Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmasa, biz mövcud çağırışların öhdəsindən gələ bilməyəcəyik”, – deyə cənab Tokayev Qazaxıstanın paytaxtında keçirilən Astana Beynəlxalq Forumunun plenar sessiyası zamanı bildirib. O, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı təklif edib ki, “orada “orta güclərin” nümayəndələrinin səsi daha gur eşidilsin”.

Onun fikrincə, hazırda faktiki olaraq “BMT yaranandan bəri qurulmuş dünya nizamının əsaslarının sarsıdılması” baş verir. Dünyadakı geosiyasi vəziyyətdən danışan Kasım-Jomart Tokayev qeyd edib ki, “biz “blok düşüncəsi”nin qayıdışının şahidi oluruq”.

O hesab edir ki, iqtisadiyyat beynəlxalq siyasətin müxtəlif aktorları tərəfindən silah kimi istifadə olunur. “İqtisadi siyasətin özü açıq şəkildə silah kimi istifadə olunur. Bu qarşıdurmaya sanksiyalar və ticarət müharibələri, məqsədyönlü borc siyasəti, maliyyə mənbələrinə çıxışın məhdudlaşdırılması və ya onlardan təcrid edilməsi, həmçinin investisiyalara nəzarət daxildir”, – deyə Qazaxıstan prezidenti izah edib.

May ayında Hindistanın baş naziri Narendra Modi demişdi ki, BMT və onun Təhlükəsizlik Şurasının beş daimi üzvü – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa reallıqları əks etdirməsələr, müasir dünyada  “danışan alət” olaraq qalacaqlar. Onun fikrincə, Latın Amerikası, Afrika və Asiya ölkələri tezliklə BMT Təhlükəsizlik Şurasına daxil edilməlidir.

Fevral ayında Yaponiya Xarici İşlər Nazirliyi Rusiyanı şuranın daimi üzvü statusundan sui-istifadə etməkdə ittiham edərək, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə dünya təşkilatında islahatların aparılması zərurətindən danışıb. Rusiya hakimiyyəti hesab edir ki, BMT-də və onun rəhbər orqanlarında və strukturlarında islahatlara dair istənilən təşəbbüslər təşkilata üzv olan bütün dövlətlərin “ümumi konsensus əsasında” qəbul edilməlidir..