9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunur
Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut,
Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində erməni separatçılarının qalıqları tamamilə məğlub edilərək ölkəmizin suverenliyi tam təmin olundu. Bununla da üçrəngli şanlı bayrağımızın Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndində və digər torpaqlarımızda qürurla dalğalanır.
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunur.
Qeyd edək ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün, ən azından, həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq.
Tanrı birlik və həmrəyliyimizi qorusun. Bayrağımız daim ucalarda dalğalansın!
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc




















