“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır.
İyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib. Prezident cənab İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.
“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək”. Bu sözləri Prezident cənab İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib. Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.
Bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək.
Hazırda Mingəçevirdə elektrik enerjimizin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir. “Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq” cənab Prezident qeyd edib ki, Mingəçevirin energetika mərkəzi kimi tarixi zəngindir və burada formalaşmış güclü kadr potensialı əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. “Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarına yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da bu baxımdan diqqətdə oldu. Torpaqlarımızın uzun illər işğal altında olduğunu, İkinci Qarabağ müharibəsində Ermənistanın nəinki şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını, hətta Mingəçevirə də öz raketlərini göndərməyi unutmadığını önə çəkərək bildirdi ki, məqsəd enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Bu əraziyə düşən mərmilər, raketlər də bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır.
Azərbaycan beş il öncə tarixi Zəfərə imza atdı. Artıq ölkəmiz dünya çapında yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi tanınır, nüfuz qazanır. Şanlı Qələbəmizdən sonra ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artır. 30 ildən sonra sahibinə qovuşan azad Qarabağ və azad Şərqi Zəngəzur malik olduqları iqtisadi imkanları ilə gələcəkdə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verəcəklər.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə