5 mart 2026-cı il tarixdə “Kür” şadlıq sarayında 8 mart – Qadınlar günü münasibətilə tədbir keçirilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, rayonun ictimai həyatında fəal iştirak edən və səmərəli əmək fəaliyyətinə görə fərqlənən qadınlar, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xeberaz.info xəbər verir ki, tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsindən sonra açıq elan edilib. Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, Ulu Öndərin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdığını, onların hərtərəfli fəaliyyətinə geniş meydan verildiyini diqqətə çatdıraraq, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunun daha da artdığını, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan cəmiyyətində qadının yeri daim uca tutulmuş, ən ali hörmətə, dəyərlərə layiq görülmüşdür. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.
Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva bildirib ki, bütün dövrlərdə tutduğu mühüm mövqe ilə seçilən qadınlar hər zaman cəmiyyətin ən dəyərli nümayəndələri kimi qiymətləndirilib. Xüsusən də Azərbaycan qadını həmişə öz iradəsi, mərdliyi, sədaqəti, ailəyə, vətənə bağlılığı ilə seçiliblər.
Sonra çıxış edən şəhid anası Dilbər Abbasova bütün qadınları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara gələcək işlərində uğurlar və ailə xoşbəxtliyi arzulayıb.
Tədbir 8-ci “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Səfərli və Məhəbbət Səfərovun konsert proqramı ilə davam edib.
Sonda şəhid ailələrinin üzvlərinə, rayonun ictimai həyatında fəal iştirak edən və səmərəli əmək fəaliyyətinə görə fərqlənən qadınlara hədiyyələr təqdim olunub.





























