Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli şüurunun, birlik və həmrəylik ideyasının formalaşmasında mühüm yer tutan əlamətdar tarixlərdən biridir. Bu bayram azərbaycanlıların dünyanın müxtəlif ölkələrində yaşamasına baxmayaraq, vahid milli kimlik, ortaq tarix, dil və mədəniyyət ətrafında birləşməsinin rəmzidir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin və milli dövlətçilik düşüncəsinin parlaq təzahürüdür. 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Bu qərar həmin dövrün mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycan xalqının milli maraqlarının qorunması və dünya azərbaycanlılarının bir ideya ətrafında birləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Məhz həmin iclasda qəbul olunan qərar milli həmrəylik ideyasının dövlət səviyyəsinə yüksəldilməsinin əsasını qoydu. Ali Məclis bu qərarın ölkə miqyasında hüquqi qüvvə alması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmişdir. 1991-ci il dekabrın 25-də Ali Sovetin Milli Şurası bu müraciəti nəzərə alaraq 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qanun qəbul etmişdir. Bununla da bütün dünya azərbaycanlıları üçün bu gün rəsmi bayram statusu almış və milli birlik ideyası hüquqi müstəvidə təsbit edilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bir bayram deyil, eyni zamanda milli özünüdərk, tarixi yaddaş və dövlətçilik ideologiyasının ayrılmaz hissəsidir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı üçün Vətənlə mənəvi bağlılığın, milli dəyərlərə sədaqətin ifadəsidir. Bayramın qeyd olunması diaspor fəaliyyətinin gücləndirilməsinə, azərbaycanlıların təşkilatlanmasına və milli maraqların beynəlxalq müstəvidə daha effektiv müdafiəsinə mühüm töhfə verir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt sonrakı illərdə də ardıcıl şəkildə davam etdirilmişdir. Xüsusilə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi, milli maraqların beynəlxalq aləmdə müdafiəsi bu siyasətin real nəticələridir. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müstəqil, suveren və güclü Azərbaycanın qazandığı uğurlar fonunda daha böyük məna kəsb edir. Xüsusilə son illərdə əldə edilən tarixi Qələbə və ölkəmizin beynəlxalq nüfuzunun artması dünya azərbaycanlılarının qürur hissini daha da gücləndirmişdir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı özünü qalib xalqın nümayəndəsi kimi hiss edir və milli birliyin əhəmiyyətini daha dərindən dərk edir.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının tarixi iradəsinin, milli birlik və həmrəylik ideyasının təntənəsidir. Bu bayram Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi böyük mənəvi irsin tərkib hissəsidir və bu gün də müstəqil Azərbaycanın güclənməsinə, dünya azərbaycanlılarının birliyinə xidmət edir. Milli həmrəylik ideyası əbədi və dönməzdir və Azərbaycan xalqının gələcək inkişafının ən möhkəm dayaqlarından biri olaraq qalacaqdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova





















