27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 22797 hərbi qulluqçu medalla təltif edildi.
Allah bütün Azərbaycan Şəhidlərinə rəhmət eləsin.
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru