27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl.
Cəbrayılın işğaldan azad olunması ilə cəbhədə üstünlük qazanan ordumuz Xocavənd rayonunun cənub kəndləri və strateji baxımdan vacib olan Hadrut qəsəbəsi istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Bu uğurlar Vətən müharibəsində qazanılan ümumi Zəfərin təməlini qoydu. Əldə olunan üstünlük nəticəsində Azərbaycan Ordusu ardıcıl şəkildə Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissəsini düşməndən azad etdi. Ən önəmlisi isə Laçın dəhlizi üzərində nəzarətin təmin olunması oldu ki, bu da Ermənistanla birbaşa təmas xətlərində üstün mövqe əldə etməyə imkan verdi. Beləliklə Cəbrayıl əməliyyatı təkcə bir rayonun azad olunması ilə yekunlaşmadı, bu, ümumi Zəfərin başlanğıc nöqtələrindən biri kimi tarixə düşdü və son nəticədə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynadı. Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi: “Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. “ Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltması müasir tariximizdə böyük siyasi və tarixi hadisə kimi yadda qaldı. Bildiyimiz kimi, Xudafərin körpüsü sadəcə bir memarlıq abidəsi deyil, bu əsrlərlə Azərbaycan torpaqlarının suverenliyini, sivilizasiyalar arasında əlaqəni və milli kimliyimizi simvolizə edən tarixi keçid nöqtəsidir. İşğal dövründə bu abidə də mənəvi və fiziki baxımdan təcavüzə məruz qalmışdı. 2020-ci ilin oktyabrında körpünün yerləşdiyi ərazilərin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm bir mərhələ oldu. Bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın öz torpaqları uğrunda apardığı haqq mübarizəsinin rəmzinə çevrildi. Tarixi və mədəni dəyərlərin qaytarılması ilə xalqın milli qüruru, ədalətə olan inamı və dövlətə bağlılığı daha da gücləndi. Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr-Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.
Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.