23 ay ərzində əldə olunmuş mühüm nəaliyyətlər
Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Tiflisdə elan olunmuş və Şərqdə ilk parlamentli respublika nümunəsi kimi tarixə düşmüşdür. Cəmi 23 ay mövcud olan bu dövlət az bir vaxtda mühüm dövlət quruculuğu təcrübəsi qazanmış və müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoymuşdur. AXC dövründə dövlət rəmzləri – üçrəngli bayraq (9 noyabr 1918), gerb və himn təsis edilmiş, Milli Ordunun yaradılması ilə bağlı mühüm tədbirlər görülmüşdür. 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun birgə səyləri ilə Bakı şəhəri bolşevik-daşnak qüvvələrindən azad olunmuş və paytaxt Gəncədən Bakıya köçürülmüşdür. 1918–1920-ci illər arasında fəaliyyət göstərən Parlament çoxmillətli tərkibə malik olmuş, burada azərbaycanlılarla yanaşı rus, erməni, yəhudi, alman, polyak və digər millətlərin nümayəndələri də təmsil olunmuşdur. Parlamentdə ümumilikdə 11 fraksiya fəaliyyət göstərmiş, bu da Cümhuriyyətin demokratik əsaslara söykəndiyini göstərir. AXC-nin ən mühüm nailiyyətlərindən biri qadınlara seçki hüququnun verilməsi olmuşdur. 1919-cu ildə qəbul olunan qanuna əsasən, qadın və kişilər bərabər seçki hüququ əldə etmişdir. Bu addım həm Şərqdə, həm də bir sıra Avropa ölkələrindən daha əvvəl atılmışdır.
Təhsil sahəsində də ciddi islahatlar həyata keçirilmiş, 1 sentyabr 1919-cu ildə Bakı Dövlət Universiteti təsis olunmuşdur. Həmçinin ibtidai və orta məktəblərin şəbəkəsi genişləndirilmiş, savadlılıq səviyyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlər görülmüşdür. Xalq Maarifi Nazirliyi yaradılaraq təhsil sahəsinin idarə olunması mərkəzləşdirilmişdir. Xarici siyasət sahəsində AXC öz müstəqilliyinin tanıdılması üçün beynəlxalq tədbirlər görmüşdür. 1919-cu ilin dekabrında Paris Sülh Konfransına nümayəndə heyəti göndərilmiş və nəticədə 1920-ci il 11 yanvarda Antanta dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti de-fakto tanınmışdır. İqtisadi sahədə də müəyyən addımlar atılmışdır. Torpaq islahatlarına hazırlıq görülmüş, neft sənayesi və dəmir yollarının fəaliyyəti tənzimlənmişdir. Poçt və teleqraf xidməti bərpa edilmiş, gömrük sistemi formalaşdırılmışdır. Hökumət xarici investisiyaların cəlb olunmasına da çalışmışdır. AXC həmçinin milli mətbuatın inkişafına dəstək göstərmiş, qəzet və jurnalların fəaliyyətinə şərait yaratmışdır. Dövrün əsas nəşrləri – “Azərbaycan” qəzeti və digər mətbu orqanlar milli ideologiyanın yayılmasında mühüm rol oynamışdır.
Siyasi, hüquqi və sosial sahələrdə qəbul olunan qanunvericilik aktları müasir hüquqi dövlət quruculuğunun əsasını təşkil etmişdir. Dövlət dili kimi Azərbaycan türkcəsi qəbul olunmuş, milli kimlik və mədəni dəyərlərin qorunması dövlət səviyyəsində dəstəklənmişdir.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər
Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.
1918-ci il 28 may tarixində Azərbaycan xalqının tarixində misilsiz bir dönüş nöqtəsi baş verdi. Uzun əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamış xalqımız, nəhayət ki, öz azad və müstəqil dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu, təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün mühüm bir hadisə oldu. Çünki AXC Şərqdə ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi əsaslar üzərində qurulmuş parlament respublikası idi. AXC-nin formalaşdırdığı dövlət strukturu müasir anlamda hüquqi dövlət modelinə uyğun gəlirdi. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə qollarına bölünmüşdü. Parlamentdə yalnız azərbaycanlılar deyil, həmçinin ölkədə yaşayan digər millətlərin də nümayəndələri təmsil olunmuşdu ki, bu da multikulturalizmə, ədalətə və bərabərliyə əsaslanan bir idarəetmənin göstəricisidir. Hökumət isə parlament qarşısında məsuliyyət daşıyırdı və onun qəbul etdiyi qərarlara əsasən fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə beynəlxalq səviyyədə tanınmağa da nail oldu. Məhz Paris Sülh Konfransında onun müstəqilliyi tanındı və bir çox ölkələrlə diplomatik əlaqələr quruldu. AXC dövründə məhkəmə sistemi müstəqilləşdirildi, müasir ədliyyə prinsipləri tətbiq olundu, təhsil və mədəniyyət sahələrində ciddi islahatlar aparıldı. Bu cümhuriyyət qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi də tarixə öz adını yazdırdı.
Təəssüf ki, bu misilsiz dövlət 1920-ci il aprelin 28-də RSFSR tərəfindən hərbi müdaxilə nəticəsində süqut etdi. Lakin AXC-nin qurduğu ideyalar və hüquqi-siyasi irs sonrakı nəsillər üçün bir örnək oldu. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa edərkən məhz AXC-nin təməl prinsiplərinə söykəndi.
Azərbaycan Xalq Cümhuriyyəti yalnız bir dövlət qurumu deyil, o, eyni zamanda xalqın azadlıq arzularının, hüquqi və demokratik dəyərlərə sadiqliyinin bir təcəssümüdür. O, sübut etdi ki, Şərq xalqları da hüquqi, dünyəvi və demokratik idarəetmə modelini uğurla qura və tətbiq edə bilərlər. AXC-nin irsi bu günümüz üçün dəyərli miras, gələcəyimiz üçün isə ilham mənbəyidir.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov