image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerbaijan-1024x533

23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlər

image-legitimaz-810x90

23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlər.

XX əsrin əvvəlləri, xüsusilə I Dünya müharibəsindən sonra, imperiyaların süqutu və milli azadlıq hərəkatlarının yüksəlişi dövrü başladı. Belə mürəkkəb geosiyasi şəraitdə Qafqazda da yeni siyasi xəritə formalaşırdı. 1918-ci ilin mayında Tiflisdə Müsəlman fraksiyasının təşəbbüsü ilə Azərbaycan Milli Şurası yaradıldı və Azərbaycanın müstəqilliyi elan olundu. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə və İslam dünyasında ilk parlamentli, demokratik respublika kimi tarixə qovuşdu. Cəmi 23 ay mövcud olan dövlətimizin ömrü qısa olsa da, onun gördüyü işlər, qoyduğu hüquqi-siyasi təməllər bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edir. Parlamentin yaradılması, dövlət dilinin elan edilməsi, ordu və təhsil sisteminin qurulması, qadınlara seçki hüququnun verilməsi kimi tədbirlər AXC-nin təkcə siyasi yox, həm də cəmiyyətin modernləşməsinə yönəlmiş mütərəqqi sistem olduğunun təsdiqidir.1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı – Şərqdə və müsəlman dünyasında ilk dəfə olaraq hüquqi, demokratik və dünyəvi parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu möhtəşəm tarixi hadisə xalqımızın dövlətçilik iradəsinin, milli mənlik şüurunun və azadlıq ruhunun təntənəsi idi. Milli Şuranın 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsi xalqımızın tarixində dönüş nöqtəsi oldu. Bu sənəd Azərbaycanın müstəqilliyini rəsmən elan etməklə yanaşı, xalqın suverenliyini beynəlxalq ictimaiyyətə bəyan etdi. Cümhuriyyətin varlığı sübut etdi ki, Azərbaycan xalqı öz müqəddəratını təyin etməyə, müstəqil yaşamağa və dövlət qurmağa qadirdir. 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti dərin izlər buraxdı. Parlamentin fəaliyyəti, qəbul olunan qanunlar, milli ordu quruculuğu, təhsil və mədəniyyət sahəsində atılan addımlar dövlətçilik ənənələrimizin formalaşmasına təkan verdi. Azərbaycan vətəndaşlığı institutu yaradıldı, milliləşdirilmiş təhsil sistemi təsis edildi, Bakı Dövlət Universiteti kimi elm ocağı quruldu.

Cümhuriyyətin mühüm nailiyyətlərindən biri də onun beynəlxalq səviyyədə tanınması istiqamətində apardığı məqsədyönlü siyasət idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı, Qərb dövlətlərinə rəsmi məlumatların göndərilməsi, ilk səfirliklərin yaradılması ölkəmizin dünya xəritəsində mövcudluğunu rəsmiləşdirdi. Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi yox, həm də mənəvi dirçəliş idi. Bu dövlətin varlığı xalqımızın milli kimliyini tanıması, öz dəyərlərinə sahib çıxması və tarixi irsinə bağlanması baxımından misilsiz bir mərhələ idi.

Veteran müəllim Vəfadar Niftəliyev

 

 

Milli dövlətçilik ənənələrinin təməlinin qoyulması

Azərbaycan xalqı qədim, tarixi dövlətçilik ənənələrinə sahibdir. Eramızdan əvvəlki tarixdən başlayaraq müasir Azərbaycan ərazisində müxtəlif dövlətlər və dövlətçilik sistemləri yaranmağa başlamışdır. Tarixin müxtəlif dönəmlərində yurdumuz yadellilərin işğalına məruz qalsada dövlətçilik, onun təməl prinsipləri xalqın yaddaşında qorunub saxlanılmışdır. Tarixin yeni dövrünə nəzər saldıqda şahid oluruq ki, 1918-ci may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan Respublikasının müstəqilliyini dünyaya bəyan etməklə yanaşı xalqımızın min illərə, əsrlərə, söykənən dövlətçilik ənənələrini yenidən bərpa və davam etdi. Azərbaycan Xalq Cümhuriyyəti xarici qüvvələrə qarşı tarixin ən kəskin dönəmlərində sarsılmaz iradə, yüksək dözüm, milli birlik nümayiş etdirərək azadlıq bayrağı altında demokratik prinsiplərə sahib olmaqla öz müqəddaratını təyin etmə gücünə sahib olduğunu bütün dünyaya, bəşəriyyətə, xalqımızı əsarətdə saxlamaq istəyən ölkələrə sübut etdi. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərinin güclənməsi, milli birliyin möhkəmlənməsi, milli kimliyin inkişafı ilə bərabər Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə həkk olundu. Müstəqlik Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsada bu qısa zaman kəsiyində xalqımızın taleyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək mühüm işlərə imza atmışdır. Müsəlman Şərqində demokratik ənənələrin formalaşmasının təməli olan İstiqlal Bəyannaməsindən sonra Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, milli rəmzlərimiz, atributlarımız təsis olunmuş, dövlət quruculuğu fasiləsiz olaraq həyata keçirilmiş, Cümhuriyyətimiz beynəlxalq aləmdə əhəmiyyətli dərəcədə tanınmış, milli maraqların qorunması istiqamətində ciddi işlər görülmüş, səhiyyə, hərbi, elmi müstəvidə yeniliklər icra olunmaqla geniş islahatlar həyata keçirilmişdir. Xalq Cümhuriyyətinin yaradılmasından sonra gənclərin xarici mötəbər universitetlərdə təhsil almasına, irqi, milli, sinfi ayrıseçkilik etmədən insanların, vətəndaşların eyni hüquqa sahib olmaqla həyat şəraitlərinin yüksəldilməsinə xüsusi diqqət ayrılmışdır. Azərbaycan xalqının milli mənlik şüurunu özünə qaytaran Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini davam etdirən müstəqil, demokratik, dünyəvi Azərbaycan Respublikası bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil xarici siyasət yürütməklə yanaşı surətli inkişafı ilə bütün dünyanın diqqətini özünə çəkməkdədir.

Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki