20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
20 Yanvar hadisəsi müasir tariximizdə təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də milli kimliyimizi, mübarizliyimizi sübut edən növbəti imtahan idi. 1980-ci illərin sonunda keçmiş SSRİ rəhbərliyinin birtərəfli və qərəzli siyasəti, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və xalqımızın haqlı etiraz səsinin eşidilməməsi Bakıda kütləvi xalq hərəkatının yaranmasına səbəb oldu. Sovet imperiyası özünün süqutunu ləngitmək və xalqın müstəqillik arzularını qan içində boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ağır qoşun hissələrini yeritdi. Beynəlxalq konvensiyalara zidd olaraq, fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə qarşı törədilən bu qırğın bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Ancaq buna baxmayaraq xalq öz etirazını bildirir, bu haqsızlığa son qoyulmasını tələb edirdi. 1988-ci ildə keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. Bəli Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Bu gün 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. XX əsrin 80-ci illərin sonunda başlayan milli –azadlıq hərəkatı öz ideyalarına çatdı. Azərbaycan müstəqil dövlətdir, xalqımız ləyaqətlə mübarizə apararaq, erməni işğalına son qoydu. 44 günlük Vətən Müharibəsi və 1 gündən də az davam edən aiti-terror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suveren hüquqlarımız bərpa olundu. Başımız dik, alnımız açıqdır. Qarşımızda yeni vəzifələr və hədəflər dayanır. Dünyada gedən mürəkkəb və çətin geosiyasi proseslər fonunda daim ayıq olmalı, güclü olmalıyıq. Biz qalib dövlət və qalib xalqıq! Canı, qanı bahasına bu qalibiyyəti bizə bağışlayan Şəhidlərimiz və Şəhidlər xiyabanlarımız azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır!
Veteran müəllim Vəfadar Niftəliyev






















