image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-martyrs_lane_5

20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir

image-legitimaz-810x90

20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir

Bu gün Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi olan 20 Yanvar faciəsindən 36 il ötür. 20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmazlığının və mətinliyinin sübutu, müstəqillik və suverenlik uğrunda aparılan mübarizə tariximizin şərəfli səhifəsidir. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.

20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. 20 Yanvar faciəsi xalqımızın yaddaşında müstəqilliyə gedən yol, milli qürur, iftixar, milli müqavimət günü kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə 20 Yanvar faciəsi barədə dediyi kimi, “ Şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində mühüm rol oynamışdır. Həmin hadisələr zamanı həlak olan şəhidlərimiz Azərbaycanın tarixinə parlaq səhifə yazıblar və xalqımız tərəfindən daim ehtiramla yad ediləcəklər.

 

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki