20 Yanvar – faciə olmaqla yanaşı, milli qürur, mübarizə və müstəqillik tariximizin şanlı səhifəsidir
“Bakı əməliyyatı” SSRİ rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini boğmaq məqsədilə həyata keçirdiyi ən qanlı hərbi-siyasi cinayətlərdən biri kimi tarixə düşmüşdür. Bu əməliyyat 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində və ətraf ərazilərdə dinc əhaliyə qarşı misli görünməmiş zorakılıqla icra olunmuşdur.
“Bakı əməliyyatı”na birbaşa olaraq SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov rəhbərlik edirdilər.
Əməliyyatın əsas məqsədi Azərbaycanda güclənən milli azadlıq hərəkatını zor gücü ilə susdurmaq, xalqın müstəqillik iradəsini qırmaq və SSRİ-nin dağılmaqda olan imperiya nəzarətini bərpa etmək idi.
SSRİ rəhbərliyi tərəfindən Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edilsə də, bu qərar barədə əhaliyə əvvəlcədən heç bir rəsmi məlumat verilməmişdir. Halbuki fövqəladə vəziyyətin 1990-cı il yanvarın 20-də saat 00:00-da qüvvəyə minməsi planlaşdırılmışdı.
Lakin bu qərara məhəl qoyulmadan, sovet qoşunları yanvarın 19-da saat 21:00-dan etibarən, ilk olaraq Türkan–Qala istiqamətindən Bakı şəhərinə daxil olmuşdur. Bu isə beynəlxalq hüququn, eləcə də SSRİ Konstitusiyasının kobud şəkildə pozulması idi.
Şəhərə yeridilən qüvvələrə aşağıdakılar daxil idi: Sovet ordusunun xüsusi təyinatlı dəstələri, SSRİ Daxili Qoşunlarının iri kontingenti, Zirehli texnika, tanklar və ağır hərbi maşınlar.
Bu qüvvələr Bakını faktiki olaraq hərbi mühasirəyə almış, dinc əhalinin üzərinə atəş açmış, küçələrdə barrikadalar quran insanları, təsadüfi yoldan keçən vətəndaşları, qadınları, yaşlıları və gəncləri hədəfə almışdır.
Fövqəladə vəziyyət rəsmi olaraq tətbiq edilməzdən öncə, yəni yanvarın 19-dan 20-nə keçən gecə 82 nəfər dinc sakin amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdır.
Sonrakı günlərdə isə qurbanların sayı daha da artmış, yüzlərlə insan yaralanmış, onlarla ailə övladını, ata-anasını itirmişdir. Xəstəxanalar yaralılarla dolmuş, şəhərdə qorxu və vahimə hökm sürmüşdür.
“Bakı əməliyyatı” və onun nəticəsi olan 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına azadlıq uğrunda şəhidlik zirvəsi kimi həkk olunmuşdur. Bu hadisə bir daha sübut etdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına qarşı silah işlətməkdən çəkinmirdi.
Eyni zamanda, bu qanlı faciə Azərbaycan xalqının müstəqillik əzmini sındırmadı, əksinə onu daha da möhkəmləndirdi. 20 Yanvar şəhidlərinin qanı Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinin mənəvi və siyasi təməlini təşkil etdi.
“Bakı əməliyyatı” beynəlxalq hüquqa, insan haqlarına və humanizm prinsiplərinə zidd olan dövlət terroru aktıdır. Bu əməliyyat Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixdə qalacaq və hər il 20 Yanvar günü şəhidlərin xatirəsi ehtiramla anılacaq.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru





















