image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-20

20 Yanvar – Azərbaycan xalqının tarixində ən faciəli, eyni zamanda ən şərəfli günlərindən biridir

image-legitimaz-810x90

20 Yanvar – Azərbaycan xalqının tarixində ən faciəli, eyni zamanda ən şərəfli günlərindən biridir

20 Yanvar təkcə bir matəm günü deyil, bu tarix Azərbaycan xalqının azadlıq, müstəqillik və milli iradə uğrunda apardığı mübarizənin qanla yazılmış səhifəsidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən silahlı qüvvələr dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətdi. Tanklar, zirehli texnikalar, ağır silahlar qadınlara, uşaqlara, yaşlı insanlara qarşı istifadə olundu. Bu qanlı hadisə nəticəsində yüzlərlə günahsız insan şəhid oldu, minlərlə vətəndaş yaralandı.

Bu faciə bir daha sübut etdi ki, Sovet hakimiyyəti xalqın iradəsinə, azadlıq istəyinə qarşı zorakılıqdan çəkinmirdi. Lakin 20 Yanvar hadisələri Azərbaycan xalqını qorxutmadı, əksinə, milli azadlıq ruhunu daha da gücləndirdi. Şəhidlərimizin qanı xalqımızın azadlıq yolundakı qətiyyətini möhkəmləndirdi.

20 Yanvar faciəsindən sonra xalq bir həqiqətin də şahidi oldu: uzun illər xalqın taleyini tapdayan mərkəzi hakimiyyətin və ona xidmət edən yerli rəhbərliyin iç üzü açıldı. Məhz belə bir tarixi anda Ümummilli Lider Heydər Əliyev xalqın yanında olduğunu açıq şəkildə bəyan etdi.

1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti verdi. O, Sovet rəhbərliyini və həmin dövrdə respublikaya rəhbərlik edənləri açıq şəkildə ittiham edərək bu hadisəni xalqımıza qarşı törədilmiş ağır cinayət adlandırdı. Bu cəsarətli mövqe təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqətini cəlb etdi və xalqın qəlbində ümid çırağı yandırdı.

Ümummilli Liderin “Bu faciəyə həmişə ürək ağrısı ilə yanaşmışam və bu gün də yanaşıram” sözləri onun xalq qarşısında daşıdığı mənəvi məsuliyyətin bariz nümunəsidir.

Tarixi qərarlar və ədalətin bərpası

Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Bu, o dövr üçün son dərəcə cəsarətli və tarixi bir addım idi.

1993-cü ildə Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində yenidən baxıldı. 1994-cü il martın 29-da Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verdi. Qərarda bu faciə Sovet totalitar rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Bu qərar şəhidlərimizin xatirəsinə olan ehtiramın, tarixi ədalətin bərpasının və milli yaddaşın qorunmasının təzahürü idi.20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq rəmzlərinə çevrilmişdir. Onlar öz canları bahasına xalqımızın müstəqillik yolunu işıqlandırdılar. Bu gün azad və müstəqil Azərbaycan dövləti məhz onların fədakarlığı üzərində qurulmuşdur.

Biz bu günü yad edərkən yalnız kədərlənmirik, eyni zamanda xalqımızın sarsılmaz iradəsi ilə qürur duyuruq. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların amalına sadiq qalmaq hər birimizin müqəddəs borcudur.

20 Yanvar faciəsi Azərbaycan tarixindən silinməyəcək. Bu tarix bizə azadlığın qiymətini, birliyin gücünü və müstəqilliyin nə qədər müqəddəs olduğunu xatırladır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini daim uca tutacağımıza söz veririk.

 

Tağıyeva Gülnar – Zərdab rayonu, Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki