image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-unnamed

20 Yanvar – Azadlığın Qanla Yazılan Salnaməsi

image-legitimaz-810x90

20 Yanvar – Azadlığın Qanla Yazılan Salnaməsi

Tarixin elə məqamları var ki, o günlər təkcə təqvimdə tarix olmur, millətin yaddaşına həkk olunur, taleyinə çevrilir. 20 Yanvar da Azərbaycan xalqı üçün belə bir gündür – həm qara matəm, həm də ucaldan qürur günüdür.

XX əsrin əvvəllərində – 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, ölkə sovet imperiyasının tərkibinə qatıldı. Amma işğal yalnız torpağa sahib oldu, ruhu əsir ala bilmədi. Azadlıq arzusu xalqın qəlbində gizli bir alov kimi yanmaqda davam etdi. Bu alov bəzən sözə çevrildi, bəzən şeirə, bəzən də səssiz müqavimətə. O ruhu şairlər misraya, ziyalılar fikrə, sadə insanlar isə səbrə və ümidə çevirdi.

Zaman dəyişdi, imperiya zəifləməyə başladı. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağ məsələsinin qızışdırılması, azərbaycanlıların doğma yurdlarından qovulması xalqı səssiz qala bilməyəcək bir həddə çatdırdı. Meydanlar doldu, insanlar bir məqsəd ətrafında birləşdi: azad yaşamaq, öz taleyinə sahib olmaq.

Sonradan Azadlıq Meydanı adlanacaq meydan xalqın iradəsinin simvoluna çevrildi. Burada səslənən sözlər təkcə çıxış deyildi – bu, bir millətin harayı idi. İnsanlar bir-birini tanımadan doğmalaşdı, soyuqda şalını, əlcəyini, gödəkçəsini başqasına verənlər oldu. Qorxu yox idi, çünki qorxudan güclü olan bir hiss vardı – azadlıq ehtirası.

Sovet rəhbərliyi bu hərəkatdan çəkinirdi. Çünki bu, adi etiraz deyildi – bu, imperiyanın dayaqlarını sarsıdan milli oyanış idi. Qərar verildi: xalq qorxudulmalı, meydan susdurulmalı idi. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ordu yeridildi. Əməliyyatdan əvvəl televiziya enerji blokunun partladılması təsadüfi deyildi – xalq xəbərsiz qalmalı idi.

Gecə şəhər qana boyandı. Tanklar küçələrdən keçdi, güllələr günahsız insanlara tuşlandı. Qadın, uşaq, qoca demədən atəş açıldı. Təcili yardım maşınları belə hədəfə alındı. İnsanlar əliyalın, səsləri və nəfəsiylə tankların qarşısına çıxmışdı. Onlar silahla deyil, ləyaqətlə döyüşürdülər.

Bu vəhşiliyin nəticəsində 147 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı, yüzlərlə insan həbs edildi. Amma xalqın iradəsi qırılmadı. Qan torpağa töküldü, amma o qan azadlıq toxumuna çevrildi.

Faciədən bir gün sonra Moskvada böyük siyasi cəsarət göstərən bir insan xalqının yanında dayandı – Heydər Əliyev. O, Azərbaycanın daimi nümayəndəliyi qarşısında çıxış edərək bu qırğını açıq şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi. Bu, təkcə siyasi mövqe deyildi, bu, vətəndaşlıq mövqeyi idi. O, sübut etdi ki, xalqını çətin gündə tək qoymayan lider tarixdə yaşayır.

İllər sonra – 1994-cü ildə Azərbaycan dövlət səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verdi. Bu hadisə təkcə faciə kimi yox, azadlığa aparan yolun başlanğıcı kimi dəyərləndirildi. Çünki həmin qanlı gecədən sonra artıq geri dönüş yox idi – xalq müstəqillik yoluna birdəfəlik çıxmışdı.

Bu gün Azərbaycan azaddır, müstəqildir. Bu müstəqilliyin təməlində 20 Yanvar şəhidlərinin qanı var. Onlar ölmədilər – azadlığın tarixində əbədi yaşamağa başladılar.

Dünya filosofları deyirdi ki, insan ya Vətəni ilə yaşamalı, ya da onunla birgə ölməlidir. 20 Yanvar gecəsi Azərbaycan oğulları və qızları bu fikri öz qanları ilə təsdiqlədilər. Onlar ölümə yox, əbədiyyətə getdilər. Və bu gün biz azad nəfəs alırıqsa, bu, onların səssiz, amma əbədi hayqırtısının nəticəsidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki