20 oktyabr – Zəngilan şəhəri gününün təsis edilməsi
2020-ci ilin sentyabr ayının 27 – də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməsi ilə nəticələndi. Zəngilan rayonu bu müharibənin həlledici döyüş sahələrindən biri oldu. Cəbrayıl rayonu istiqamətindəki döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Zəngilanın inzibati sərhədlərinə çatmağa nail olmuş, əməliyyat zamanı bölgənin 49 kəndi və 4 qəsəbəsi erməni işğalından xilas edilmişdir. Beləliklə oktyabrın 20-i Zəngilan şəhərinin və onun ətrafındakı bir sıra kəndlərinin düşmən işğalından azad olunduğu gün kimi hərb tariximizə həkk olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı.
Hazırda Zəngilanda müxtəlif istiqamətlərdə aktiv inşaat və hərtərəfli inkişaf layihələri həyata keçirilir. Artıq şəhərin baş planı təsdiq edilib və Zəngilanın tam bərpası nəzərdə tutulur. Şəhər mərkəzi ilə yanaşı, ətraf kəndlərin də infrastrukturu yenidən qurulur və əhali öz doğma yurdlarına geri qayıdır. Zəngilan-Şərqi Zəngəzur-Ağbənd dəmir yolu layihəsi regionda həyata keçirilən loqistik bərpa işlərinin ən əhəmiyyətli istiqamətlərindəndir. Bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinə birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Zəngilan-Horadiz dəmir yolu xəttinin tikintisi ilə bu bölgənin həm ölkə daxilində, həm də xaricdə ticarət və yük daşınması üçün əsas marşrutlardan biri olacağı gözlənilir. Zəngilan həmçinin mühüm nəqliyyat qovşağına çevrilir. Burada yerləşən Zəngilan Beynəlxalq Hava Limanı bölgənin logistika mərkəzinə çevrilməsi üçün vacib bir amildir. Hava limanı həm yerli, həm də xarici yük və sərnişin daşınması üçün mühüm baza rolunu oynayacaq.
Ağalı kəndində köçürülmüş əhalinin həyat şəraitinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür infrastruktur yaradılmışdır. Bu çərçivədə dövlət xidmətləri mərkəzi, məktəblər, uşaq bağçaları, banklar, poçt xidmətləri və ictimai iaşə obyektləri fəaliyyət göstərir. Bu, əhalinin bölgəyə geri qayıdışını stimullaşdırmaq və onların burada rahat yaşamalarını təmin etmək məqsədini güdür. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı inkişaf strategiyasının tərkib hissəsidir və bu ərazilərin iqtisadi, mədəni və sosial dirçəlişini təmin edir.
Zəngilan rayonu Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini özündə birləşdirən bir bölgədir. İşğaldan azad edildikdən sonra aparılan bərpa və yenidənqurma işləri bu rayonu gələcəkdə regionun əsas mərkəzlərindən birinə çevirməkdədir. “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan sakinləri öz doğma torpaqlarına geri dönərək, rayonun inkişafında iştirak edəcək və Azərbaycanın bu gözəl bölgəsinin dirçəlişini yenidən təmin edəcəklər.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva