1978-ci il aprelin 21-də Azərbaycan SSR-in Konstitusiyasının qəbul edilməsi
Konstitusiya hər bir dövlətin hüquqi əsasını, idarəetmə sistemini və cəmiyyətin siyasi quruluşunu müəyyən edən ali qanundur. XX əsrin ikinci yarısında Azərbaycan SSR-də sosialist ideologiyasına əsaslanan hüquqi-siyasi sistemin möhkəmləndirilməsi məqsədilə yeni Konstitusiyanın qəbul olunması zərurəti yaranmışdı. Bu zərurət nəticəsində 1978-ci il aprelin 21-də Azərbaycan Sovet Sosialist Respublikasının yeni Konstitusiyası qəbul edildi. Bu hadisə respublikanın dövlətçilik tarixində mühüm mərhələ olmuş, Azərbaycanın hüquqi və siyasi həyatında müəyyən dəyişikliklərə yol açmışdır. 1970-ci illərdə SSRİ rəhbərliyi tərəfindən qəbul edilən 1977-ci il SSRİ Konstitusiyası (“Brejnev Konstitusiyası”) ittifaq respublikalarının da konstitusiyalarının yenilənməsini tələb edirdi. Yeni konstitusiyanın məqsədi sovet dövlət quruluşunun “yetkin sosializm” mərhələsinə uyğunlaşdırılması, yəni kommunist ideologiyasının prinsiplərini hüquqi cəhətdən daha aydın ifadə etmək idi. Bu prosesin tərkib hissəsi kimi Azərbaycan SSR-də də yeni konstitusiyanın hazırlanması qərara alındı. Beləliklə, 1977-ci ilin sonlarından başlayaraq Azərbaycan SSR Ali Sovetinin rəhbərliyi altında konstitusiya layihəsinin hazırlanması üzrə komissiya yaradıldı. Komissiyaya o dövrün rəhbəri Heydər Əliyev başçılıq edirdi. Yeni Konstitusiya layihəsi hazırlanarkən SSRİ Konstitusiyasının əsas prinsipləri saxlanılmış, lakin Azərbaycan SSR-in milli, mədəni və iqtisadi xüsusiyyətləri də nəzərə alınmışdı. Layihə hazırlanandan sonra geniş ictimai müzakirələr təşkil edildi. 1978-ci ilin əvvəllərində bu layihə respublikanın müəssisə və təşkilatlarında, ali məktəblərdə, kəndlərdə, ictimai təşkilatlarda müzakirə olundu.
Müzakirələrdə minlərlə vətəndaşın təklifləri nəzərə alındı və sənəd bir sıra əlavələrlə təkmilləşdirildi. Nəticədə, 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar VII sessiyasında Konstitusiya yekdilliklə qəbul edildi. 1978-ci il Konstitusiyası sovet ideologiyasına əsaslansa da, onun bir sıra maddələri Azərbaycanın milli dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edirdi. 1978-ci il Konstitusiyasının 73-cü maddəsi xüsusi əhəmiyyət daşıyırdı. Bu maddədə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili elan olunmuşdu. Bu, sovet dönəmində mühüm və cəsarətli bir addım idi. Həmin maddə Heydər Əliyevin şəxsi təşəbbüsü və siyasi iradəsi nəticəsində qəbul edilmişdi. Bu qərar milli kimliyin qorunmasında, Azərbaycan dilinin ictimai-siyasi həyatda rolunun güclənməsində böyük tarixi əhəmiyyət kəsb etdi. Bu Konstitusiya 1995-ci ilədək – müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunana qədər qüvvədə qaldı.
olmuşdur.
Veteran müəllim Vəfadar Niftəliyev



















