image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20250919_150046

19-20 SENTYABR ANTİTERROR TƏDBİRLƏRİ DÜNYA HƏRB TARİXİNƏ DÜŞDÜ!

image-legitimaz-810x90

19-20 SENTYABR ANTİTERROR TƏDBİRLƏRİ DÜNYA HƏRB TARİXİNƏ DÜŞDÜ!

2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu və bu şübhəsiz ki, tariximizin qürur duyulası səhifəsidir. Azərbaycan ordusu qarşısında cəmi 23 saatdan bir az artıq dayanmağa güc tapan düşmən ağır itkilər verərək təslim olmağa məcbur edildi. Bununla da Qarabağda erməni separatizminə son qoyuldu. Antiterror tədbirlərinin nəticəsi də təsdiqlədi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi hərbçilərimizin hədəfi deyildi. Qarabağda antiterror tədbirlərinin keçirilməsi bizim haqqımızdır. Vətən müharibəsindən sonra rəsmi İrəvan sülh müqaviləsini imzalamaqdan qaçmaqla bu əməliyyatı sürətləndirdi. Şanlı ordumuzun 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir. Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. Azərbaycanın keçirdiyi antiterror tədbirləri vaxtında atılmış zəruri addım idi və əldə olunmuş nəticələr də təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda sülh və əmin-amanlığın əldə olunmasına xidmət edir. Qələbədən sonra, zəfərin memarı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətində isə yeni geosiyasi situasiyada bölgədə sonrakı tendensiyaların yol xəritəsi ortaya qoyuldu. İlk növbədə, Azərbaycan rəhbəri Qarabağda yaşayan erməniəsilli insanlara ali səviyyədə siyasi təminat verdiyini bir daha bəyan etdi. Həmçinin dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, Azərbaycan qanunvericiliyinin, Azərbaycan Konstitusiyasının digər vətəndaşlara münasibətdə müəyyən etdiyi bütün hüquqi təminatlar, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağa da, təbii ki, şamil edilir və erməniəsilli sakinlər əminliklə bu ölkənin tam hüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə bilərlər. Bundan başqa, cənab Prezident İlham Əliyev çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Azərbaycanın niyyəti çox aydındır. Azərbaycan bölgə dövlətləri ilə sağlam, sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda son 5 il ərzində həyata keçirdiyi tədbirlərlə inkişaf və tərəqqidə özü bir nümunə yaradıb. Bəli, bu gün azad etdiyi əraziləri sürətlə dirçəldən və inkişaf edən, bölgənin əsas söz sahibi sayılan Azərbaycan var. Yenidən baş qaldırmaq, bölgədə qan tökmək üçün sino gedənlərin də heç vaxt unuda bilməyəcəkləri bir xatirə var – DƏMİR YUMRUQ! Antiterror tədbiri faktiki olaraq son 200 ilə yaxın müddət ərzində regionda mövcud olmuş terrorizmə, separatizmə son qoydu. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə barışa bilməyən, radikal separatçı qruplar üzərindən regiona müdaxilə etmək imkanlarını qoruyub saxlamağa çalışan xarici dairələrin çoxillik ssenariləri tamamilə sıradan çıxmış oldu.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki