15 İYUN TARİXİ HAQLI OLARAQ TARİXİMİZƏ MİLLİ QURTULUŞ GÜNÜ KİMİ DAXİL OLDU!
Müasir tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinin sədri seçilməsi ölkəmizin taleyində dönüşün başlanğıcı oldu. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin müstəqilliyi möhkəmləndi, bütün sahələrdə dirçəliş baş verdi. Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Məhz Ulu Öndərimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıdarkən Azərbaycanda xalqın maraqlarına uyğun olmayan vəziyyət hökm sürürdü. Ölkənin belə bir ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər idi. Xalqın bu niyyətini qəbul edən Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlər qısa zamanda nəticəsini verdi. Nizami ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələr işə salındı, iqtisadi potensialdan səmərəli istifadə edilərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr imzalandı. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir vaxtda Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin möhkəmlənməsi isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanılması – qurtuluş demək idi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni cəmi iki il ərzində siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə cırtdan marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi bizi gözləyən ən yaxın perspektivlər idi. Belə bir ağır məqamda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar edə bilərdi və bunu etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən əsas strateji amil oldu. Hazırda Ulu Öndər Heydər Əliyevin siyasəti cənab Prezident İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiqləyib. Bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, forumlar və sair bir daha sübut edir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova