1993-cü ilin 15 iyun Milli Qurtuluş günü xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında ciddi dönüş yaradan tarixi hadisədir
1991-ci ilin axırlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı hakimiyyətə gələn siyasi qüvvələrin səriştəsizliyi nəticəsində xaos, vətəndaş müharibəsi, iqtisadi böhran, ərzaq qıtlığı ilə üzləşməli oldu. Ölkəmizin hər yerində özbaşınalıq artdı, daxili stabillik, milli birlik pozuldu. Yaranan boşluqdan yararlanan Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü daha da şiddətləndirdi. Müqəddəs torpaqlarımızı, ərazi bütövlüyümüzü qorumalı olan qüvvələrin başı isə Bakıda hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Qoşun hissələri döyüş bölgələrindən çıxarılaraq Bakıya istiqamətləndirilirdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, minlərlə vətəndaşımız əsir düşdü, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşdü. Böhran getdikcə dərinləşirdi. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ümummilli mənafeyin şəxsi ambisiyalara qurban verilməsi o dövrdə hakimiyyətdə olan qüvvələrə xalqın inamını sarsıtdı. İnsanlar haqlı olaraq yeni qüvvə – xilaskar axtarışına çıxdı. Bütün diqqət, təbii olaraq, Naxçıvana yönəlmişdi. Xalqımız və ziyalılarımız çox yaxşı başa düşürdülər ki, dövlətimizi, ölkəmizi uçurumdan yalnız bir nəfər – ümummilli lider Heydər Əliyev çıxara bilər. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən yox olmaq təhlükəsi ilə üzləşən dövlətimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Heydər Əliyevin böyük məharətinin sayəsində ayaqda qaldı, gücləndi.
1993-cü ilin 15 iyun Milli Qurtuluş günü xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında ciddi dönüş yaradan tarixi hadisədir: “Ölkəmizin ziyalıları, ictimai-siyasi xadimləri və xalq haqlı olaraq Ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı milli müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda yaratmışdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və Heydər Əliyevin siyasət olimpini fəth etməsinə böyük töhfələr verdi. Partiyamız bu gün də Prezodent cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi irsini ləyaqət və qürurla davam etdirir”.
Xalqın çağırışlarını, ziyalıların, iqtidar mənsublarının təkidli xahişlərini nəzərə alaraq, 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyasında gizli səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə hakimiyyətə qayıtdı: “Həmin il iyunun 24-də isə Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Ali Sovetinin sədrinə – Heydər Əliyevə həvalə edildi. Ulu öndər Heydər Əliyev deyirdi: “Mənim heç bir silahım yoxdur: nə topum,nətapançam, nə də avtomatım var. Mənim idrakım var, iradəm var və xalq mənə ümid bəsləyirsə, xalq mənə bu səlahiyyəti vermişdirsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq məni müdafiə edəcəkdir”.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru