15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.
Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da dərinləşir, milli yaddaşda əbədi iz buraxır. Belə günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün yalnız bir tarix yox, həm də Azərbaycanın yenidən doğulduğu, parçalanmaq təhlükəsindən qurtulduğu gündür. Milli Qurtuluş Günü – müstəqil dövlətimizin məhv olmaq təhlükəsindən xilas edildiyi, sabaha olan ümidlərin yenidən alovlandığı bir başlanğıcdır. 1993-cü ilin iyununda ölkədə hökm sürən siyasi böhran, idarəetmədə xaos, vətəndaş qarşıdurması təhlükəsi, separatçılıq meyilləri və iqtisadi tənəzzül Azərbaycanın gələcəyini sual altına almışdı. Məhz belə bir ağır və məsuliyyətli dövrdə xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni bu uçurumun astanasından xilas etdi. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında dönüş nöqtəsi başladı. Cəmi bir neçə gün sonra – 24 iyun tarixində ona Prezident səlahiyyətlərinin verilməsi isə bu dönüşü daha da möhkəmləndirdi. Ulu Öndərin qətiyyətli siyasəti, dərin dövlətçilik təcrübəsi və xalqa bağlılığı sayəsində qısa müddət ərzində ölkədə sabitlik bərpa olundu, dövlət institutları yenidən quruldu, vətəndaş qarşıdurmasının qarşısı alındı. Heydər Əliyevin siyasi arenaya qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi faktiki olaraq qorundu və möhkəmləndi. Sonrakı illərdə başlanmış islahatlar, xarici siyasətdə uğurlu addımlar, ordu quruculuğu və iqtisadi dirçəliş Milli Qurtuluşun nə qədər əhəmiyyətli bir hadisə olduğunu bir daha sübut etdi. Bu səbəbdəndir ki, 1997-ci ildə Milli Məclis 15 iyun tarixini rəsmi olaraq bayram günü elan etdi. Hər il bu gün Azərbaycanda Qurtuluşun, sabitliyin, rifahın və inkişafın əsasını qoymuş böyük liderə minnətdarlıqla qeyd olunur. Milli Qurtuluş Günü təkcə bir liderin qayıdışını deyil, bütöv bir xalqın gələcəyini müəyyən edən tarixi iradəni simvolizə edir. Bu gün hər bir azərbaycanlı üçün həm şərəf, həm də məsuliyyət günüdür. Çünki bu tarix bizə göstərdi ki, güclü lider, birləşmiş xalq və düzgün yol – dövlətin ən mühüm dayaqlarıdır.
Gəncliyə Dəstək İctimai Birliyinin sədri Vefa Xelil