15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri tariximizə həkk olunmuş 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu gün milli qurtuluşun təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü hər daim göstərir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirməkdir. Azərbaycan xalqı bu prinsipə Ümummilli Liderin iradəsi sayəsində reallığa çatdı.
Ölkəyə rəhbər təyin edildikdən sonra bütün sahələrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış siyasi və güclü fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ölkədə dövlətçiliyin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olunması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu gün siyasi kursu uğurla davam etdirən Cənab Prezident İlham Əliyev dayanır. Cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri