Kəlbəcərin azadlığı dövlətçilik yaddaşında dönüş nöqtəsidir
Azərbaycanın dövlətçilik tarixində müəyyən günlər var ki, təkcə təqvimdə qeyd olunan bir tarix kimi deyil, millətin yaddaşına, ruhuna və gələcək nəsillərin dünyagörüşünə hopan simvol kimi yaşayır. 25 noyabrın “Kəlbəcər şəhəri günü” elan edilməsi də məhz belə günlərdəndir — şanlı zəfərin, milli iradənin və tarixi ədalətin bərpasının rəmzi olan unudulmaz bir tarixdir.
2020-ci ilin Vətən müharibəsi Azərbaycanın ən şanlı səhifələrindən biri kimi tarixə düşdü. 44 günlük mübarizənin nəticəsində təkcə torpaqlarımız işğaldan azad edilmədi, həm də xalqın öz tarixinə, milli kimliyinə və gələcək quruculuq arzularına olan inamı yenidən bərpa olundu. Bu zəfərin ən strateji məqamlarından biri isə Kəlbəcərin 25 noyabr 2020-ci ildə döyüşsüz şəkildə Azərbaycana qaytarılması idi.
Kəlbəcər uğrunda savaşın ağır dağ relyefində necə çətin olacağı hərbi ekspertlərə də bəlli idi. Lakin Azərbaycanın siyasi iradəsi, ordunun üstünlüyü və beynəlxalq hüquqa söykənən mövqeyi bu bölgənin bir güllə belə atılmadan geri alınmasına şərait yaratdı. Bu fakt Azərbaycanın sülhə verdiyi dəyərin, eyni zamanda gücünün və prinsipial mövqeyinin təcəssümü idi.
25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis olunması yalnız bir tarixi hadisənin xatırlanması deyil. Bu gün bir neçə strateji, ideoloji və mənəvi məna daşıyır:
Bu tarix Kəlbəcərin azad olunmasının dövlət səviyyəsində rəsmiləşən təntənəsidir. 25 noyabr həm də bütün Azərbaycan xalqının Zəfər ruhunun bir hissəsidir. İllərlə didərgin düşən minlərlə kəlbəcərlinin yaddaşında bu gün həm xoşbəxtlik, həm qürur, həm də ata-baba yurduna qayıdış arzularının gerçəkləşməsini simvolizə edir. Bu gün Kəlbəcərdə dövlətin həyata keçirdiyi quruculuq işləri məhz 25 noyabrın ruhuna uyğun olaraq yeni mərhələnin rəmzi kimi formalaşır: ağıllı şəhər konsepsiyası, enerji layihələri, yol və tunel infrastrukturu, turizm potensialının açılması – bütün bunlar məhz yeni Kəlbəcərin əsasını təşkil edir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc




















