1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Zərdab rayonunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.
”Xeberaz.info” xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, respublikamızın prokurorluq əməkdaşlarının çox çətin və şərəfli işindən danışmışdır.
O, vurğulamışdır ki, ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizama salınan Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçmiş, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüağ çıxmış, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü elan etmiş və hər il bu əlamətdar hadisənin qeyd olunmasını rəsmiləşdirmişdir.
Rayon rəhbəri çıxışında prokurorluq orqanlarının məzmunca yeniləşməsi və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır.
Zərdab rayon prokuroru Zaur Əliyev respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər barədə tədbir iştirakçıları qarşısında İşlər barədə çıxış etmişdir.
O, çıxışında dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd etmiş, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulamışdır.
Sonda xatirə şəkli çəkdirilib.
Xeberaz.info Vüqar Rəhimov









