“Xızı-Abşeron” KES sadəcə bir stansiya deyil, Azərbaycanın “Xəzər dənizi – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin mühüm bir həlqəsidir.
Azərbaycan müasir dünyada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət nəticəsində tarixi bir transformasiya yolu keçmişdir. Ölkəmiz qısa zaman kəsiyində enerji asılılığına tamamilə son verməklə yanaşı, bu sahədə qlobal miqyasda aparıcı və həlledici dövlətlərdən birinə çevrilmişdir.
Son illər Azərbaycan enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atıb. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması və regional enerji təhlükəsizliyinə töhfə verən layihələrin icrası bu sahənin prioritet olduğunu təsdiqləyir. Eyni zamanda, ölkənin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın ekoloji təhlükəsizlik, iqtisadi dayanıqlıq və enerji diplomatiyasını birləşdirən bu çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir.
90-cı illərin əvvəllərində mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin Müqaviləsi” Azərbaycanın gələcək inkişafının xəritəsini çəkdi. Həmin dövrdə enerji idxalından asılı olan ölkəmiz, bu gün nəinki öz tələbatını daxili resurslar hesabına ödəyir, həm də dünya bazarlarının əsas təchizatçısına çevrilib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng kəmərlər bu müstəqilliyin infrastrukturu, Cənub Qaz Dəhlizi isə onun qlobal zirvəsidir.
“Xızı-Abşeron” KES sadəcə bir stansiya deyil, Azərbaycanın “Xəzər dənizi – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin mühüm bir həlqəsidir. Bu generasiya gücləri gələcəkdə Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa qitəsini təmiz enerji ilə təmin edəcək. Bu isə Azərbaycanın enerji müstəqilliyini sarsılmaz edir və dövlətimizi qlobal enerji keçidinin liderlərindən birinə çevirir. Biz artıq yalnız neftimizlə deyil, həm də küləyimiz və günəşimizlə dünyanın işıqlandırılmasına töhfə veririk.
Son illər ərzində Azərbaycanda yeni generasiya güclərinin istismara verilməsi ölkənin həm daxili enerji tələbatının ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edən mühüm amildir. Bu proses təkcə kəmiyyət artımı deyil, həm də enerji istehsalının keyfiyyətcə yenilənməsi və diversifikasiyası deməkdir. Bütün bu layihələr qlobal çağırışların önündə gedən Azərbaycanın hazırda bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə ən yüksək səviyyədə reaksiya verən ölkələrdən biri kimi tanındığını deməyə əsas verir. Belə çağırışlardan ən önəmlisi isə bütün dünyada ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl” yollarla ödənilməsidir.
Bir sözlə, Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Bu mühüm layihə Azərbaycanın enerji tarixində qızıl hərflərlə yazılaraq, ölkənin qüdrətini və dövlətçilik iradəsini bir daha təsdiqləyir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal





















