Ulu Öndər Heydər Əliyev fenomeni
Tarix yazmış və adını tarixə əbədi yazdırmış xalqların inkişaf yolu müxtəlif, rəngarəng və özünəməxsus olması ilə fərqlənir. Onların hər biri fərqli örnək və model kimi dəyərləndirilsə də, ümumi cəhət liderlik amili və ya lider fenomeni ilə birbaşa əlaqədardır. Hər bir dövlətin inamlı inkişafını təmin edən strateji amillərdən biri də liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Tarixi şəxsiyyətlərin misilsiz xidmətləri təkcə yaşadıqları və fəaliyyət göstərdikləri dövrlə məhdudlaşmır. Onların ideyaları və irsi həm zaman, həm də məkan anlayışının fövqündədir.
Ulu Öndər Heydər Əliyev yaşadığı dövrün, zəmanəsinin görkəmli siyasi, dövlət xadimi olmaqla yanaşı, həm də bu günün və gələcəyin böyük şəxsiyyətidir. Onun ideyaları hər zaman aktualdır. Bu ideyalar həm də Azərbaycanın müstəqilliyinin, müstəqil dövlət kimi inkişafının təməl prinsipləridir. Həmin prinsiplər mahiyyətcə azərbaycançılıq məfkurəsində ehtiva olunmuşdur. Ulu Öndər azərbaycançılığı milli ideologiyamız, milli düşüncə sistemimiz kimi yüksək qiymətləndirir və onun birləşdirici, inkişafetdirici gücünün nə qədər böyük olduğunu əsaslandırırdı. Azərbaycanın milli mənəvi dəyərləri, dövlətçiliyi, adət-ənənələri, dilimizə, tariximizə, mədəniyyətimizə olan münasibət məhz azərbaycançılıq ideologiyasının məzmun komponentləri kimi birləşir və vəhdət yaradır. Bu birləşdirici funksiya eyni zamanda xalqın birliyinin daha möhkəm təminatına, onun inkişafının davamlı, sistemli olmasına zəmin yaradır. Ulu Öndərimiz bütün həyatı boyu azərbaycançılıq amalı ilə yaşamış və bütün fəaliyyəti bu məfkurə üzərində köklənmişdir.
Ulu Öndər Heydər Əliyev iki müxtəlif iqtisadi sistemin mövcud olduğu dövrdə ölkəyə rəhbərlik etmiş və hər iki dövrdə iqtisadi münasibətlərin real xarakterinə uyğun siyasət yeritmiş, beləliklə, xalqımızın maddi rifahı təmin olunmuş, ədalətlilik, bərabərlik prinsipi nəzərə alınmışdır. Müxtəlif tarixi-iqtisadi şəraitdə, həmçinin siyasi quruluşların fərqli olduğu bir zamanda ölkəyə rəhbərliyi, cəmiyyətin inkişaf mexanizmlərini görməsi, onu hərəkətə gətirməsi və sürətləndirməsi, davamlılığı, dayanıqlılığı təmin etməsi Heydər Əliyev fenomeninin xarakterik cizgiləri kimi qeyd edilə bilər.
Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan yüksəlişə və dinamik inkişafa nail olub. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələr də əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
Ulu Öndərimiz hər zaman bizimlədir. Azərbaycanın varlığı Ümummilli Liderimizin varlığı deməkdir. Xalqımızın yolu Ulu Öndər Heydər Əliyev yoludur.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova