image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752936537_74d6c50bb7c2ac18a037b896e41bb58b

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir

image-legitimaz-810x90

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir

Qarabağ torpaqları artıq yalnız zəfərlə deyil, eyni zamanda dialoq və əməkdaşlıqla da tanınır. Prezident cənab İlham Əliyevin iştirakı ilə iyulun 19-da Xankəndidə keçirilmiş “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu təkcə ölkəmiz üçün deyil, həmçinin bütün region üçün mühüm hadisəyə çevrildi. Belə mühüm beynəlxalq tədbirin artıq üçüncü dəfədir ki, Qarabağda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın həm diplomatik fəallığının, həm də siyasi müstəqilliyinin göstəricisidir. Qarabağ artıq təkcə zəfərin simvolu deyil-burada aparılan tədbirlər sübut edir ki, bu torpaq indi gələcəyə yönəlmiş ideyaların, beynəlxalq tərəfdaşlığın və intellektual dialoqun mərkəzinə çevrilib. Bu ənənənin davamlı olması isə artıq Azərbaycanın artan nüfuzunun və sabit inkişafının real sübutudur. Bu fakt təkcə Azərbaycanın informasiya və media sahəsində beynəlxalq platforma kimi rolunu deyil, həm də azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində atılan mühüm addımları nümayiş etdirir.

Prezident cənab İlham Əliyev forumda çıxışı zamanı qeyd etdi ki, Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb və hər il daha da genişlənir. 52 ölkədən 140 qonağın və 80-dən çox media qurumunun nümayəndəsinin iştirakı bu tədbirin qlobal əhəmiyyətini təsdiqləyir. Forumun Xankəndidə-yaxın keçmişdə separatizmin mərkəzi sayılan bir şəhərdə keçirilməsi Azərbaycanın suverenliyinin bərpasını, regional gücünü və daxili sabitliyini açıq şəkildə nümayiş etdirir. Bununla yanaşı, tədbirin süni intellekt və rəqəmsal keçidlər kimi müasir mövzulara həsr olunması Azərbaycanın informasiya və texnologiyalar sahəsindəki ambisiyalarını göstərir. Cənab Prezidentin dediyi kimi, dünya dəyişir, informasiya müharibələri, media manipulyasiyaları reallığa çevrilir. Bu baxımdan, medianın dayanıqlılığını gücləndirmək və bu sahədə beynəlxalq əməkdaşlığı artırmaq olduqca vacibdir. III Şuşa Forumunun Xankəndidə keçirilməsi həm də Azərbaycanın milli həmrəyliyinin, dini və mədəni tolerantlığının nümayişinə çevrildi. Tədbir iştirakçıları tərəfindən yenidənqurma işləri, məscidlərin və kilsələrin bərpası, yolların yüksək keyfiyyətdə inşası xüsusi bir rəğbətlə qarşılandı. Bu, Azərbaycan dövlətinin keçmiş münaqişə bölgəsini inkişaf və barış platformasına çevirmək əzmini təsdiqləyir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki