Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma – həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır
“Kazinform”a eksklüziv müsahibəsində Prezident cənab İlham Əliyev Xəzər dənizi ilə bağlı sualı ətraflı cavablandırıb. Qeyd edilib ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma – həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. Ölkə başçısı bildirib ki: “2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil”. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir. Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.
Hər iki ölkə arasında İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək. Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək. Həmçinin, gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir. Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc