image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-578264469_1385034589642982_6880958940430153579_n

Şuşa artıq Azərbaycanın geosiyasi tribunasına çevrilib – buradan səslənən hər fikir beynəlxalq müstəvidə əks-səda doğurur

image-legitimaz-810x90

Şuşa artıq Azərbaycanın geosiyasi tribunasına çevrilib – buradan səslənən hər fikir beynəlxalq müstəvidə əks-səda doğurur

 

Dövlət başçısının Şuşaya hər səfəri bir siyasət dərsidir. İlk səfər – Qələbə rəmzi, ikinci səfər – bərpa siyasətinin başlanğıcı, sonrakılar isə dayanıqlı inkişaf və yeni strateji mərhələnin təntənəsi oldu. Cənab Prezidentin hər səfərində açılış etdiyi infrastruktur layihələri – “Zəfər Yolu”, yeni yaşayış kompleksləri, sosial və mədəni obyektlər – Azərbaycan dövlətçiliyinin dirçəliş fəlsəfəsini ifadə edir. Bu səfərlər həm də dünyaya ünvanlanan siyasi mesajdır: “Azərbaycan qalib dövlətdir və bu qələbə geri dönməzdir.”

Prezident İlham Əliyev Şuşanı təkcə azad etməklə kifayətlənmədi, onu Azərbaycanın gələcəyinə yönələn siyasi brendə çevirdi. Şuşa indi hər bir beynəlxalq tədbirdə Azərbaycan diplomatiyasının parlayan simvolu kimi çıxış edir. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqların mərkəzində də məhz Şuşa dayanır. Azərbaycanın bərpa etdiyi suverenlik və regionda formalaşan postmüharibə siyasi düzəni Şuşadan idarə olunur. Buradan yayılan hər bir mesaj – istər iqtisadi layihələr, istərsə də təhlükəsizlik təşəbbüsləri olsun – regionda sülh və inkişaf modelinin təməlini təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi ideyası, türk dünyasını birləşdirən nəqliyyat və enerji xətləri, eləcə də mədəni diplomatiya platformaları Şuşadan qlobal miqyasda rezonans doğurur. Şuşa artıq Azərbaycanın geosiyasi tribunasına çevrilib – buradan səslənən hər fikir beynəlxalq müstəvidə əks-səda doğurur. Şuşanın yenidənqurulması yalnız tikinti və bərpa prosesi deyil, həm də milli kimliyin bərpası, dövlət siyasətinin ideoloji dərinləşməsi deməkdir.

Şəhərdə keçirilən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”, beynəlxalq mədəni tədbirlər həm diplomatik, həm də siyasi müstəvidə Azərbaycanın yumşaq güc siyasətinin təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət, Şuşanı mədəniyyətlə siyasətin, tarixlə gələcəyin qovşağında dayanan bir strateji mərkəzə çevirib. Bu gün Şuşa həm Zəfərin zirvəsi, həm də dövlət ağlının simvoludur.

Şuşa şəhər günü təkcə bir tarixi hadisənin xatırlanması deyil – müstəqil Azərbaycanın siyasi gücünün, qalib kimliyinin və ideoloji bütövlüyünün təntənəsidir. Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Şuşa bu gün siyasi qərarların qəbul olunduğu, milli ideyanın formalaşdığı və dünyaya təqdim edildiyi strateji platformadır.Bu gün hər bir azərbaycanlı üçün Şuşa-azadlığın simvolu, dövlətin qüruru, millətin ruh zirvəsidir. Şuşa qalib Azərbaycanın qəlbidir, bu qəlbin döyüntüsü isə Prezident İlham Əliyevin qətiyyətli liderliyinin sədasıdır.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki