image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-cc2884fc08e21ee724477f45bd2e3782_17754679813246025416_1200x630

Strateji əməkdaşlığın yeni mərhələsi

image-legitimaz-810x90

Strateji əməkdaşlığın yeni mərhələsi

 

Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana həyata keçirdiyi işgüzar səfər, eləcə də Tbilisi şəhərində Gürcüstan Prezidenti və Baş naziri ilə keçirdiyi yüksək səviyyəli görüşlər regionun siyasi gündəliyində mühüm yer tutan strateji hadisə kimi qiymətləndirilir. Bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər artıq ənənəvi qonşuluq çərçivəsindən kənara çıxaraq, qarşılıqlı etimad, möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Müstəqillik illərində iki ölkə arasında əlaqələr davamlı inkişaf yolu keçmiş, xüsusilə ötən əsrin 90-cı illərinin ortalarından etibarən yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdən başlayaraq Azərbaycan-Gürcüstan münasibətləri sistemli və ardıcıl şəkildə genişlənmiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq formalaşmışdır. Bu gün iki ölkə arasında əlaqələr dövlət və cəmiyyət həyatının demək olar ki, bütün istiqamətlərini əhatə edən geniş və çoxşaxəli xarakter daşıyır.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən iri enerji və nəqliyyat layihələri bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu xətti və “Cənub Qaz Dəhlizi” kimi strateji layihələr yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu layihələr Gürcüstanın regionda tranzit ölkə kimi rolunu gücləndirmiş, onun iqtisadi imkanlarının genişlənməsinə və sosial rifahın yüksəlməsinə mühüm töhfə vermişdir.

Hazırda Azərbaycan enerji resurslarını Avropa bazarlarına əsasən Gürcüstan üzərindən nəql edir. Bununla yanaşı, Şərq ilə Qərb arasında mühüm nəqliyyat marşrutu hesab olunan “Orta Dəhliz” layihəsində də Gürcüstan Azərbaycan üçün əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlıq regionun qlobal nəqliyyat-logistika sisteminə inteqrasiyasını sürətləndirir və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə xidmət edir.

İqtisadi sahədə əməkdaşlıq da yüksək dinamika ilə inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatıran əsas ölkələrdən biridir və bu investisiyalar müxtəlif sahələri əhatə edərək iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Bununla belə, iki ölkə arasında münasibətlərin əsasında yalnız iqtisadi maraqlar deyil, həm də xalqlar arasında mövcud olan çoxəsrlik tarixi bağlar, qarşılıqlı hörmət və etimad dayanır.

Siyasi müstəvidə isə Azərbaycan və Gürcüstan daim bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Bu prinsipial mövqe dövlətlərin beynəlxalq hüquqa sadiqliyini və regional sabitliyin qorunmasına yönəlmiş ortaq iradəsini nümayiş etdirir. Eyni zamanda, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı şəkildə çıxış edərək bir-birinin milli maraqlarını müdafiə edirlər.

Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf xətti üzrə irəliləyir və gələcək üçün geniş perspektivlərə malikdir. Əldə olunan razılaşmaların enerji, nəqliyyat-logistika və digər sahələrdə yeni layihələrin reallaşdırılmasına zəmin yaradacağı gözlənilir.Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır. Qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan bu əməkdaşlıq modeli regionun gələcək təhlükəsizliyinin əsas təminatlarından biri kimi çıxış edir.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki