Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir
Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na Azərbaycan və Ermənistan arasındakı sülh təşəbbüsünə görə Cənab Prezidentimizin layiq görülməsi ölkəmizin regionda sülhün və əməkdaşlığın təşviqində oynadığı mühüm rolun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” yalnız humanizm və qardaşlıq ideyalarının təbliği ilə seçilən şəxslərə və təşəbbüslərə verilir. Cənab Prezidentimizin bu yüksək mükafata layiq görülməsi isə ölkəmizin postmünaqişə dövründə barışıq, dialoq və sabitlik xəttinə sadiqliyinin bariz göstəricisidir. Məhz Prezident cənab İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar formalaşıb, sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan tərəfi hər zaman ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən sülh sazişinin imzalanmasının tərəfdarı olub. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin açılması təşəbbüsləri ölkəmizin sülhə verdiyi praktiki töhfələrin göstəricisidir.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın sülh sazişi kontekstində təqdim olunması Azərbaycan-Ermənistan normallaşma prosesinin artıq regional çərçivədən çıxaraq qlobal miqyasda sülh modeli kimi qəbul edildiyini göstərir. Bu, eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin humanitar diplomatiya və sülh təşəbbüslərinə verdiyi önəmin təzahürüdür. Bu mükafat Prezident cənab İlham Əliyevin liderliyi ilə yürüdülən uzaqgörən, sülhsevər siyasətin, xalqlar arasında düşmənçilik deyil, əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin formalaşdırılmasına xidmət edən strategiyanın beynəlxalq səviyyədə təsdiqidir. Əminliklə demək olar ki, bu qiymətləndirmə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması yolunda əlavə stimul yaradacaq və regionun gələcək inkişafına mühüm töhfə verəcək.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc




















