Bakıda Azərbaycan dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlər törətmiş erməni separatçıları barəsində çıxarılan məhkəmə hökmü Moskvanın açıq narazılığı ilə qarşılanıb.
Rəsmi Kremlin mövqeyi bu dəfə birbaşa Dövlət Dumasının deputatı, Kremlin Qarabağ mövzusunda uzun illərdir istifadə etdiyi simalardan biri – Konstantin Zatulin vasitəsilə ifadə olunub.
Zatulinə bağlı “Lazarevski klubu”nun yaydığı bəyanat faktiki olaraq Bakıda keçirilən məhkəmə prosesinə qarşı Kremlin siyasi sifarişli reaksiyası kimi qiymətləndirilir. Sözügedən sənəddə Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı onilliklər boyu törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan separatçıların cəzalandırılması “məhkəmə yox, guya cəza aksiyası” kimi təqdim olunur.
Rusiyanın erməni canilər məsələsində Ermənistan dövlətindən daha çox ermənilik etməsi nə ilə bağlıdır? Məqsəd nədir? Ermənistanda Daşnaksütyun və Qarabağ klanı istisna olmaqla başqa qüvvələr heç Zatulin qədər vay-şivən salmır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı Musavat.com-a bildirib ki, Zatulinin müdafiə etdiyi ermənilərin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətləri var və həmin cinayət əməllərinin hər biri məhkəmədə sübuta yetirilib. O şəxslər özləri də cinayətlərini etiraf ediblər. Məhkəmə prosesi açıq və beyəlxalq hüququn da tələblərinə uyğun şəkildə həyata keçirilib:
“Rusiya tərəfindən Zatulin kimi şəxslər ilk dəfə deyil bu məsələ ilə bağlı ermənidən çox ermənilik edirlər. Yaxşı olardı ki, mənasız hay-küy salmaq, qərəzli, təxribatçı bəyanatlar yaymaq əvəzinə məhkəməni izləsinlər və müdafiə etdikləri canilərin etirafları ilə tanış olsunlar. Əslində mən hesab edirəm ki, Rusiyadakı zatulinlərin kifayət qədər məlumatı var və onlar müdafiə etdikləri həmin ermənilərin cinayətkar oluğunu bilirlər. Sadəcə, qəsdən təxribat törədirlər, ədalətli, şəffaf keçirilmiş məhkəmə prosesini ləkələmək istəyirlər. Əslində bu cür davranışları Azərbaycanla Rusiya arasında münasibətlərə mənfi təsir etməyə xidmət edir. Onların hərəkəti münasibətlərin pozulmasına xidmət edir və münasibətlərə ciddi zərər vurur. Zatulin kimi araqarışdıranları Rusiya hakimiyyəti susdurmalıdır”.
Deputatın sözlərinə görə, Zatulin kimi şəxslərin Bakıda məhkum olunan erməniləri müdafiə etməsi həm də onunla bağlıdır ki, həmin erməniləri uzun illər silahlandıran, Azərbaycana qarşı qaldıran, cinayətlərə şirnikləndirən həm də Rusiyadakı müəyyən siyasi, hərbi dairələr olub:
“Yəni o ermənilərin Azərbaycan dövlətin və xalqına qarşı cinayətlərində Rusiyadakı həmin dairələrin də payı var. Görünür, narahatlıq da məhz bunun üçündür. Ancaq yaxşı olar ki, təxribatçı bəyanatlarına son qoysunlar. Çünki artıq o cür bəyanatlar, yanaşmalar, hədyanlar və tələblər artıq işləmir”.



















